Bu gün BMT Baş Assambleyası Rusiyaya qarşı qətnaməni müzakirəyə çıxaracaq
Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynanın işğal olunmuş dörd vilayətinin ilhaqını pisləyən qətnamə layihəsini müzakirəyə çıxaracaq. “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, qətnamədə bütün dövlətlər və beynəlxalq təşkilatlar Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırılır. Eyni zamanda, Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması tələb olunur. Qətnamə layihəsini, ABŞ və Albaniya hazırlayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb. Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib. Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib. Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar. Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib. Şəffaflıq.az
Facebook-da paylaş