Ekspertdən TƏKLİF: “ƏDV-dən daxil olan vəsaiti ehtiyacı olan təbəqəyə yönəltməliyik”
“Biz ƏDV-nin ləğv olunmasının deyil, ƏDV-dən daxil olan vəsaitin yarısının sosial baxımdan həssas qruplar, minimum əməkhaqqı alan insanlar üçün xərclənməsinin tərəfdarı olmalıyıq. Bunun istifadəsi üçün hansısa formada dəstək mexanizmi hazırlanmalıdır”. Bu sözləri son günlər müzakirə olunan “Ərzaq məhsullarının bahalaşmasını önləmək və qiymətləri azaltmaq üçün ƏDV ləğv olunmalıdır” fikrinə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov öz açıqlamasında deyib. O bildirib ki, ƏDV-nin ləğvi məsələsini daha dərindən düşünmək lazımdır: “Yəni mən nə tam ləğv olunmasının, nə də ləğv olunmamasının tərəfdarıyam. Çünki A vətəndaş ərzaq məhsullarına bir ayda min manat, B vətəndaş isə 200 manat xərcləyir. A varlı, B isə kasıbdır. Ona görə də ƏDV-nin ləğvindən varlı insanlar daha çox fayda götürəcək. 1000 manat xərcləyən şəxs ƏDV-nin ləğvindən 180 manat, 200 manat xərcləyən isə 36 manat irəli düşür. Bu baxımdan daha yaxşı olardı ki, mənim dediyim üsul tətbiq olunsun. Əgər 11 manat 80 qəpiklik duru yağın ƏDV-si ləğv olunaraq satışa qoyulsa, o, maksimum bir həftə 10 manata satılacaq, daha sonra yenə əvvəlki qiymətinə qaldırılacaq. Ona görə də ƏDV-ni ləğv etmək yerinə, ehtiyacı olan şəxslərə ƏDV-dən daxil olan vəsaitlərin 50 faizini yönəltməliyik”. Ekspert hesab edir ki, bilavasitə dövlət büdcəsinə daxil edilməyəcək vəsaitin yarısını ehtiyacı olan təbəqə üçün xərcləmək daha məntiqlidir: “Əvvəldə də dediyim kimi, əgər ƏDV ləğv olsa, qısa müddət sonra məhsul əvvəlki qiymətinə qaldırılacaq, adı da olacaq ƏDV-siz. Bir il sonra yenidən ƏDV tətbiq etmək istəyəndə qiymətdə daha yuxarı səviyyədə formalaşacaq”. Şəffaflıq.az
Facebook-da paylaş