Qətərdəki Azərbaycan vətəndaşları yerli sürücülük vəsiqəsi əldə edə biləcəklər



Qətərin Daxili İşlər Nazirliyi Azərbaycanın aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin Qətərdə tanınması və onun əsasında yerli sürücülük vəsiqəsinin verilməsinə dair qərar qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Respublikasının Qətərdəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov verib.

Qərara əsasən, 15 sentyabr 2022-ci il tarixindən etibarən Qətərdə daimi və müvəqqəti yaşamaq hüququ olan Azərbaycan vətəndaşları Daxili İşlər Nazirliyinin Yol Nəqliyyatı Departamentinin Baş İdarəsinə müraciət edərək, müvafiq sənədləri təqdim etməklə 5 dəqiqə ərzində yerli sürücülük vəsiqəsi əldə edə biləcəklər.

Qətərə turist kimi və ya qısamüddətli səfər edən Azərbaycan Respublikası vətəndaşlarına gəlincə, onlar müraciət etdiyi zaman 3 aylıq müvəqqəti sürücülük vəsiqəsi ala bilərlər.

Səfir əlavə edib ki, son illər Azərbaycan Respublikası ilə Qətər arasında siyasi, iqtisadi, mədəni və turizm əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Şübhəsiz, həm bu amillər, həm də 2021-ci ilin 18 oktyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” ixtisaslı kadrların, o cümlədən turist və iş adamlarının qarşılıqlı səfərlərinin sayının artırmasına təkan verir.

Qeyd edək ki, hazırda Qətərdə müxtəlif sahələrdə (neft-qaz sektoru, otel, ali təhsil müəssisələri, ticarət və s.) Azərbaycan vətəndaşları çalışırlar. Əlavə olaraq, Qətərdə 2022-ci il Futbol üzrə Dünya Çempionatının keçirilməsi ilə əlaqədar son aylarda işləmək məqsədilə ölkəmizdən Dohaya bir çox mütəxəssislər gedib.  

Bu nöqteyi-nəzərdən, Qətərə qısa və uzunmüddətli səfər edən Azərbaycan Respublikası vətəndaşlarına verilən sürücülük vəsiqələri əsasında Qətərin yerli sürücülük vəsiqəsinin maneəsiz və imtahan vermədən əldə olunmasına zərurət yaranıb.  

Ümumiyyətlə, Qətərdə yaşayan və çalışan azərbaycanlıların ölkədaxili sənədləşmə prosedurlarının asanlaşdırılması və qarşılaşdıqları problemlərin aradan qaldırılması diplomatik nümayəndəliyimizin fəaliyyətinin mühüm hissəsini təşkil edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}