Gürcüstan polisi türkiyəli basketbolçulara hücum edib
Tbilisi Arenada keçirilən basketbol üzrə Avropa çempionatında Gürcüstan və Türkiyə komandaları arasındakı matçdan sonra qalmaqallı hadisə baş verib. “Report” xəbər verir ki, bu barədə “Eurohoops” məlumat yayıb. Türkiyə Basketbol Federasiyasının vitse-prezidenti Ömər Onan bildirib ki, oyun başa çatdıqdan sonra hər iki komandanın basketbolçuları və məşqçiləri ilə yanaşı, Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının da iştirak etdiyi kütləvi dava olub. “Furkan Qorxmaz məşqçimizlə dəhlizlə paltardəyişmə otaqlarına gedərkən Gürcüstan millisinin oyundan kənarlaşdırılan basketbolçusu Duda Sanadze polislə birlikdə onlara hücum ediblər. Bu baş verməməlidir. Matçın sonunda 30 polis əməkdaşı dava salıb. Biz gürcü polisi ilə dalaşmalı olduq”. Qeyd edək ki, Basketbol üzrə Avropa çempionatında Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası əlavə vaxtda 88:83 hesabı ilə Türkiyə millisinə qalib gəlib. Matçın dördüncü rübündə Furkan Qorxmazla Duda Sanadze arasında dava düşüb, epizoda əlavə baxıldıqdan sonra hər iki basketbolçu meydandan kənarlaşdırılıb. Eyni zamanda Türkiyə tərəfi qarşılaşmanın nəticəsinə etiraz edib. Buna səbəb Korkmaz və Sanadze ilə insidentdən sonra 22 saniyənin oyun vaxtından çıxarılması olub. Şəffaflıq.az
Facebook-da paylaş