Millimiz Xorvatiya yığması ilə qollu heç-heçə edib – VİDEO

  Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində beşinci oyununu keçirib.
Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv “Bakcell Arena”da Xorvatiya yığmasını qəbul edib.
Baş məşqçi 3 gün öncə Kardiffdə Uelsə 1:2 hesabı ilə uduzduqları qarşılaşma ilə müqayisədə start heyətinə 2 dəyişiklik edib. Qapıda Səlahət Ağayevi Emil Balayev, orta xətdə isə Riçard Almeydanı Cavid Hüseynov əvəzləyib. Xorvatiyanın baş məşqçisi Zlatko Daliç isə sentyabrın 6-da Slovakiyanı səfərdə 4 cavabsız qolla məğlub etdikləri görüşdə meydana buraxdığı “11-liy”ə toxunmayıb.
Beləliklə, komandalar meydana aşağıdakı heyətlərlə başlayıblar:
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets
Oyuna hücumlarla başlayan qonaqlar artıq 6-cı dəqiqədə hesabı açmağa yaxın olublar. Modriçin zərbəsindən sonra top müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Balayev əla reaksiya ilə qola mane olub. Ancaq Xorvatiya yığmasının kapitanı 5 dəqiqə sonra istəyinə çatıb. İspaniya “Real Madrid”nin yarımmüdafiəçisi Krivotsyukun əllə oynamasından sonra təyin edilən penaltini dəqiq yerinə yetirib – 1:0.
Buraxılan qoldan sonra oyunda nisbətən tarazılıq yaranıb. Əks-hücumlara bel bağlayan Azərbaycan millisi irəlidə Şeydayevin timsalında rəqib qapısında təhlükə yaratmağa çalışıb. Bu hücumlardan ən təhlükəlisi 32-ci dəqiqəyə təsadüf edib. 22 yaşlı forvardın sağdan iti bucaq altında vurduğu topu rəqib qapıçı dəf edib. İlk yarının son dəqiqəsində Qarayevin ara ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Nazarov topu tora yollasa da, ofsayd qeydə alınıb.
Yurçeviç fasilədə Paşayevi 19 nömrəli Təmkin Xəlilzadə ilə əvəzləyib. Belədə, Medvedev müdafiənin mərkəzində sağa keçib. Oyuna yeni qoşulan “Sabah”ın futbolçusu ilk hissənin əvvəlində qol vurmağa yaxın olub. Lakin onun Şeydayevlə divar ötürməsindən sonra vurduğu top rəqib müdafiəçiyə dəyərək yandan keçib.
Baş məşqçi 60-cı dəqiqədə Hüseynovun yerinə meydana 8 nömrəli Emin Mahmudovu buraxıb.
Bundan bir qədər sonra Krivotsyuk və Dmitri Nazarov, həmçinin Maksim Medvedev cəzalı duruma düşüblər. Müvafiq olaraq 62, 66 və 90+3-cü dəqiqələrdə sarı vərəqə görən yığma üzvləri limiti doldurduqları üçün oktyabrın 13-də Macarıstan kollektivi ilə səfər görüşünü buraxacaqlar.
Vərəqələrin ardınca isə qol gəlib. Xəlilzadə 72-ci dəqiqədə sol cinahdan əla keçidini möhtəşəm zərbə ilə tamamlayıb – 1:1. Bir qədər sonra Azərbaycan millisi önə keçməyə yaxın olub. Gəl ki, Xəlilzadə zərbə vurmaq əvəzinə qeyri-dəqiq ötürmə verib.
90-cı dəqiqədə Nazarovu 14 nömrəli Rəşad Eyubov əvəzləyib.
Beləliklə, oyun heç-heçə başa çatıb və Azərbaycan millisi seçmə mərhələdə ilk xalını sonuncu dünya çempionatının finalçısı ilə görüşdə qazanıb.
Yığma komanda bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5, üç gün öncə isə Kardiffdə Uelsə 1:2 hesabı ilə uduzub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}