"Şamaxı" Futbol Klubunun təqdimat mərasimi keçirilib-FOTO



Bu gün "Şamaxı" FK-nın yeni idarə heyəti, loqosu ictimaiyyətə təqdim olunub. Şamaxı şəhərin icra hakimiyyətinin nümayəndələri, klubun idarə heyətinin üzvləri və media mənsubları iştirak ediblər. 
Şəffaflıq.az xəbər verir ki, ilk olaraq klubun idarə heyətinin sədri Elçin Usub klubun gələcək hədəflərindən, strategiyasından söz açıb: 


“Şamaxıda futbolla bağlı müəyyən ənənələr olub. 2018-ci ildə Region Liqasına komanda çıxarılıb. Çıxışı da yetərli qədər uğurlu alınıb. Pandemiya ilə bağlı işlər yarımçıq qalıb. Amma başlanğıc ictimaiyyətdə maraqla qarşılanıb. Bu, rayon rəhbərliyi tərəfindən bu qarşılıqsız qalmayıb. Cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2020-ci ildə Şamaxı şəhər stadionu köklü şəkildə yenidən qurulub. AFFA rəhbərliyinə minnətdarlığımızı bildirmək istəyirik. Qurumun prezidenti Rövnəq Abdullayev dəfələrlə tikinti işləri ilə şəxsən maraqlanıb. Yenidənqurma işləri qısa zamanda başa çatıb. Cənab Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ilin noyabrında stadionun açılışı olub. Bu prosesin davamı kimi “Keşlə”nin bazası əsasında “Şamaxı” klubu yaradılıb.
Ötən mövsüm son turlardan komanda Premyer Liqada bu adla yarışlara qoşulub. Bunun davamı kimi qarşıda növbəti vəzifələr qoyulub. Klub "Şamaxı" adını daşıyırsa, bütün məsələlərdə rayona bağlı olmalıdır. Beləliklə, əsas komandanın Şamaxı şəhərinə köçməsi ilə bağlı qərar qəbul olunub və icrasına başlanılıb.

Bunun üçün də müəyyən hüquqi prosedurların həyata keçirilməsinə zərurət yaranmışdı. İdarə Heyətinin formalaşdırılması, Ədliyyə Nazirliyindən yenidən qeydiyyata keçirilməsi lazım gəlmişdi. Bu zəruri hüquqi prosedurdan sonra biz mətbuat qarşısına çıxa bilərdik. İyulun əvvəllərində işlər yekunlaşdı. Paralel olaraq əsas komandanın formalaşdırılması prosesinə başlanıldı. Vüqar Əsgərli ilə anlaşma imzalandı.
Yeni məşqçilər heyəti komandanı formalaşdırmağa başladılar. Bütün bu proseslərdə yeni strategiyamızın cücərtiləri özünü göstərir. Əsas fikrimiz odur ki, klub Şamaxının adını daşıyırsa, bura da Azərbaycan dövlətçiliyinin timsalıdırsa, burada həm idman, həm də digər baxımından azərbaycançılıq ön plana keçməlidir. Təəssüf ki, Azərbaycanda müəyyən inkişaf səviyyəsinə çatmış futbolçular bir müddətdən sonra kifayət qədər şans qazanmırlar. Bir çox hallarda klublarda legionerlərə üstünlük verilir. Bu da anlaşılandır. Ancaq gənclərin kənarda qalması ilə milli səviyyəsində də nəticələr qazanıla bilmir. Biz istəyirik ki, yerli, gənc məşqçilərə imkan yaradaq ki, bacardıqlarını ortaya qoysunlar. Onlar da yerli, perspektivli oyunçulardan ibarət heyət qurublar. Beləliklə, biz Azərbaycan futbolunun inkişafına töhfə verək. Ola bilər, çox iddialı danışırıq. Bəlkə, bir neçə turdan sonra başqa tonlar səslənə bilər. Amma çox səbrliyik. Biz tələsmirik. Hədəf ilk ildən uğurlu nəticələr göstərmək deyil.
Hədəfimiz hər gün bir addım irəli getməkdir. Peşəkarlığımızın artması hesabına inkişafı təmin etmək istəyirik. Bunun üçün bəlli bir səbr, həmrəylik lazımdır. Ola bilər, uğurlu nəticələr tez gəlməsin. Hər kəsdən anlayış gözləyirik. İdman inzibatçılığı sahəsində də yeniliklərimiz var. İş prinsiplərimizi dəyişmək istəyirik. Kollegial qərarların qəbul edilməsi əsas hədəflərimizdəndir. Problemlərimiz var. Bunları gizlətmirik. Heç kimə sirr deyil ki, qısa müddət ərzində müəyyən işlər görməyə çalışmışıq. Görüləcək işlər çoxdur. Bunları mərhələli şəkildə, ardıcıllıqla həll etməyə çalışırıq. Yaxın müddət ərzində daha konkret hədəflərimizi deyə bilərik. Futbol Şamaxıya nə verəcək, 1-2 ildən sonra harada olmaq istəyirik – konkret hədəflərimizi bölüşmək fikrimiz var.
Biz mətbuata açığıq. Problemlərimizi gizlətmirik. Amma bunların həllində müəyyən anlayış da gözləyirik. Məqsədimiz qədim Şirvan torpağına, Azərbaycanın qədim paytaxtına futbolu sevdirmək, futbolu burada inkişaf etdirməkdir”.


Daha sonra klubun yeni loqosu, yeni mövsüm üçün komandanın futbolçu və məşqçilər heyəti ictimaiyyətə təqdim olunub.

Tədbir klubun idarə heyətinin sədri Elçin Usub və baş məşqçi Vüqar Əsgərlinin mətbuat konfransı ilə başa çatıb.

Vahid İsmayılov.

Şamaxı şəhəri

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}