Bakıda Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib


Bakının Məşədi Dadaş Məscidində keçirilən Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib.

Şəffaflıq.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vaizliyi ilə keçirilən xütbənin ikinci hissəsi ötən gün Londonda baş verən hadisəyə həsr olunub.

Xətibin sözlərinə görə, Azərbaycanın Britaniyadakı diplomatik nümayəndəliyinə qarşı vandalizm İslam dini ilə heç bir əlaqəsi olmayan rəftar və davranışdır: "Baxmayaraq ki, hücumu təşkil edən məlum qruplaşmanın üzvləri bu hərəkətlərini dini şüarlar altında edirlər. Amma bu, dini hisslərin istismar edilməsidir. O insanların nə bir dini, nə bir məzhəbləri var. Onların fəaliyyətinə nəzər yetirəndə görürük ki, onlar fəaliyyətə başladığı ilk gündən dinlərarası, ənənəvi məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər".

QMİ-nin səlahiyyətli nümayəndəsi hesab edir ki, onlar belə bir həssas dönəmdə - Məhərrəm ayı günlərində Azərbaycanda insanların dini hisslərinə toxunmağı qarşılarına məqsəd qoyurlar: "Məzhəb və dinlərarası münasibətləri korlamaq və ona zərbə vurmaq üçün bu addımları atırlar. Əminliklə deyirəm ki, bu kimi addımlar əvvəlcədən uğursuzluğa düçar olacaq. Azərbaycanın dini mühitində belə insanların hər hansı bir təsir imkanı yoxdur. Azərbaycanda ümumiyyətlə radikallığın sosial bazası yoxdur. Bəlkə də onlar bu ölkədə fəaliyyətlərini genişləndirə bilmədiklərinə görə öz aləmlərində Azərbaycandan qisas almağa, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar".

Hacı Şahin Həsənli vurğulayıb ki, Azərbaycan səfriliyinə hücum zamanı təhqir olunan bayraq uğrunda minlərlə insan canını fəda edərək şəhidlik zirvəsinə ucalıblar: "O bayrağın təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi ilə yanaşı həm də dinimizin, inancımızın təhqir edilməsi deməkdir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}