22 iyun 2022-ci il tarixində Şamaxı Mədəniyyət Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb.
Şəffaflıq.az xəbər verir ki, sərgidə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev , əməkdar rəssam Adil Şıxəliyev və rayon ictimaiyyətinin nümayəndləri iştirak edib.
Sərgidə gənc rəssamın 40-a yaxın realizm üslubunda əsərləri nümayiş olunub.
Sərgidə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Natiq gənc rəssamın istedadından və yaradıcılığından söz açaraq, sənətə sevgisindən, yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs edib.
Nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və əməkdar rəssam Adil Şıxəliyev sərginin əhəmiyyətindən geniş söhbət açaraq gənc rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərgi çərçivəsində gənc rəssam Şahin Nəcəfova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən fəxri fərman təqdim olunub.