Azərbaycan Türkiyə hava nəqliyyatı üzrə texnogiyaları birgə istehsal edə bilər

 Azərbaycan Türkiyə ilə hava nəqliyyatında istifadə edilən texnologiyaların Azərbaycanda birgə istehsalına nail ola bilər.
Bu barədə Şəffaflıq.az Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsindəki mənbə bildirib.
Qeyd edilib ki, Bakıda bu yaxınlarda aidiyyatı qurumlarla görüşlər keçirilib:
“Keçirilmiş görüşlər hər iki tərəfə imkan verəcək ki, hava məkanında təyyarələrə etibarlı şəkildə nəzarətin aparılması istiqamətində, həmçinin digər sahələrdə hər iki ölkə təcrübələrini, bacarıqlarını bölüşsünlər. Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin hava nəqliyyatı üzrə texnologiyalar istiqamətində fəaliyyət göstərən böyük bir araşdırma-nəzarəti üzrə heyəti var. Bu araşdırma və inkişaf etdirmə heyəti 15 illik təcrübəyə sahibdir. Məqsədimiz bu təcrübələri azərbaycanlı tərəfdaşlarımıza ötürüb, Azərbaycanda hava nəqliyyatı üzrə mövcud olan texnologiyaları inkişaf etdirib, hava nəqliyyatında istifadə edilən bəzi texnologiyaları xaricdən satın almaq əvəzinə, ölkə daxilində də bu texnologiyaların istehsalına nail olmaqdır”.

Mənbə hesab edir ki, hava nəqliyyatı sahəsi çox spesifik bir sahədir, bununla yanaşı, dünyanın hər yerində bu texnogiyaları istehsal edən müəssisələr yoxdur: “Bu şirkətlər dünyada az olduğuna görə, hava nəqliyyatı üzrə istifadə edilən texnogiyaların qiymətlərini özləri müəyyənləşdirirlər. Bu texnologiyalar dünyada baha satılır. Azərbaycanda, Türkiyədə hava nəqliyyatında xarici texnologiyalardan geniş istifadə edilir. Məsələn, radar sistemlərini nə Azərbaycan, nə də Türkiyə istehsal edə bilir.

Bizim layihələrimizdən biri də məhz Türkiyənin öz radarlarını istehsal etməsidir. Radar sisteminin istehsalını bu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı sistemində ikitərəfli münasibətlər inkişaf edərsə istehsal etdiyimiz radarla bağlı məlumatı Azərbaycana ötürə bilərik, həmçinin bu radar sistemini Azərbaycanla birgə istehsal edə bilərik. Radar sistemi aviasiyada önəmli yer tutur, təyyarələri ancaq radar sistemləri vasitəsilə görə bilirik. İstəyirik ki, bu radar sistemlərini həm Azərbaycan, həm də Türkiyə geniş istehsalına nail olsun. Bilirik ki, bu gün dünyada aviasiyada istifadə olunan radar sistemləri İspaniya, Almaniya və İngiltərədə istehsal olunur. Həmin texnologiyaları almasaq təyyarələrin uçuşuna nail olmaq mümkün deyil".

Bununla yanaşı, onun sözlərinə görə, radar sistemləri aviasiyada istifadə edilən texnologiyanın bir hissəsidir: "Azərbaycana təklif olunan türk istehsalı olan radar sistemləri ilə bağlı müqavilənin dəyəri 500 min ABŞ dolları da, 250 min ABŞ dolları da ola bilər, hətta 1 milyon ABŞ dolları dəyərində də razılıq əldə edilə bilər. Bu tərəflər arasında müzakirə mövzusudur”.

Mənbə bildirir ki, Türkiyə tərəfi təklif edib ki, Türkiyə istehsalı olan hava nəqliyyatı sistemlərini Azərbaycanın ehtiyac duyduğu, istənilən hava limanında qura bilərlər: "Bizim idarənin istehsal etdiyi bir sıra yerli hava nəqliyyat sistemi mövcuddur, bunlardan biri ÇARE adını verdiyimiz insansız-maşın interfeysidir. Bununla yanaşı, hava məkanında istifadə edilən digər texnologiyaları istehsal edirik. Azərbaycan heyəti ilə bəzi görüşlərimiz olub, bir neçə məhsulla bağlı müzakirələrimiz olub. Bizim hava məkanında istifadə edilən məhsullar yüksək keyfiyyətə malik olduğunu sübüt edib, biz Türkiyədə 41 hava limanında istehsal etdiyimiz məhsulları istifadə edirik. Biz istehsal etdiyimiz hava nəqliyyatı ilə bağlı məhsulları azərbaycanlı həmkarlarımıza təqdim etmişik, həmin texnologiyaların necə istifadə edilməsinin özəlliklərini, detallarını izah etdik".

Qeyd edək ki, mayın 27-də Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalayıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}