Rövşən Rüstəmov: "Yeni peykin yaradılması ilə bağlı bu il ərzində qərar veriləcək"

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni peykin yaradılması ilə bağlı ciddi işlər aparılır.
Bunu "Report"a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın “Azerspace-1”, “Azerspace-2” və "Azersky" peykləri var: "Peyk missiyamız bununla bitmir, peyk layihələrimizin davamı olaraq şirkətlər və ehtiyaclar müəyyənləşir. Bütün dövlət qurumlarının ehtiyacları dinlənilib ki, hansı növ peyk olsun. Bu gün peyki qaldırmaqdan daha çox, peyk hansı funksiyanı yerinə yetirməsi önəmlidir. Bir peykin göstərdiyi xidmət, ya məsafədən zondlayır şəkil çəkir, ya da təsvirlər alır. Əsas məsələ ölkənin nəyə ehtiyacının olduğunu müəyyənləşdirməkdir. Birmənalı olaraq, müdafiə ehtiyacları ola bilər, mülki ehtiyacları ola bilər. Hazırda dəyərləndirmələr aparılır. Peykin missiyasını dəqiq biləndən sonra yüksək ayırdetməli peykin seçilməsi həyata keçiriləcək. Bu il ərzində bununla bağlı qərar veriləcək".
Qeyd edək ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb. 2013-cü ildə “Azerspace-1”, 2018-ci ildə “Azerspace-2” telekommunikasiya peykləri, 2014-cü ildə isə “Azersky” Yer səthinin məsafədən müşahidə peyki yerətrafı orbitə buraxılıb. “Azerspace-1”in istismar müddəti 17, “Azerspace-2"nin istismar müddəti isə 15 ildir.
“Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
“Azersky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.
“Azerspace-1” peykinin gəlirlərinin 80 %-i, “Azersky” peykinin gəlirlərinin isə 98 %-i xarici bazarlarda formalaşır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}