Yerli istehsalçıların satış-sərgi yarmarkası keçirilir


 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Passage 1901”də yerli istehsalçıların satış-sərgi yarmarkası - “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçirilir.

Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Sərgi-satış yarmarkasında 100-dən çox biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və xidmətlər təqdim olunur.

Yarmarkanın rəsmi açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların satış bazarlarına çıxışının dəstəklənməsinin KOBİA-nın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Vurğulanıb ki, 2022-ci ildə də xaricdə və ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarlar KOBİA-nın dəstək proqramı çərçivəsində iştirak edirlər. Bu, Azərbaycan məhsullarının tanınmasına, KOB-ların məhsullarının satışının artmasına, eləcə də “Made in Azerbaijan” brendinin xarici müştərilərə təqdim edilməsi və ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verməkdədir.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov belə tədbirlərin yerli məhsulların tanıdılması və KOB-ların satış imkanlarının genişləndirilməsində əhəmiyyətini qeyd ediblər.

Yarmarka çərçivəsində həmçinin biznesini genişləndirmək istəyən sahibkarların ikitərəfli görüşləri və təqdimatları keçirilir, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılır, ustad dərsləri, eləcə də musiqili proqram təqdim olunur.  

Mayın 20-dən start götürmüş Azərbaycan İstehsalçılar Festivalı 22 may tarixinədək saat 10.00-dan 20.00-dək Bakı sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaqdır.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}