Orxan Məmmədov: “Ölkədə 21 KOB inkişaf mərkəzi yaradılıb”
“Report” xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Gənc sahibkarların II Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslərin dəstəklənməsi, eləcə də sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi KOBİA-nın fəaliyyət gündəliyində olan prioritet istiqamətlərdəndir: “KOBİA-da öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlardan, startaplardan və biznesə başlamaq istəyən gənclərdən daxil olan müraciətlər diqqətlə təhlil olunur və onlara müvafiq dəstək xidmətləri göstərilir. Müşahidələrimizə görə gənc sahibkarlar, startaplar və biznes fəaliyyətinə yeni başlamaq istəyən gənclər mütəmadi olaraq öz bilik və bacarıqlarının artırılmasına daha həssas yanaşırlar. KOBİA tərəfindən bu istiqamətdə müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi kimi dəstək tədbirləri biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir”.
O bildirib ki, bu məqsədlə ölkənin müxtəlif şəhər və rayonlarında KOBİA strukturunda 21 KOB inkişaf mərkəzi yaradılıb: “KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətlərin göstərilməsi təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz olaraq təmin edilir. Təqdirəlayiq haldır ki, 2021-ci il ərzində KOB inkişaf mərkəzlərinin xidmətlərindən faydalanların 40 %-ə qədəri gənclərdən ibarət olub. Bir məqamı da qeyd etmək istərdim ki, gənclərin inkişafına yönəlmiş tədbirləri əsasən Gənclərin Karyera və İnkişaf Mərkəzləri, gənclərin qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir”.
Facebook-da paylaş