Hacıqabulda Zərifə Əliyevanın doğum günü silsilə tədbirlə qeyd edilib

 Yeni Azərbaycan Partitaysı Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək bildirib ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardandır.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparmışdır. Zərifə xanım eyni zamanda yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Vurğulanıb ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Daha sonra Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi Aynur Qasımzadə, Hacıqabul şəhər 6 saylı tam orta məktəbin direktor əvəzi Xatirə Rüstəmova, Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova çıxış ediblər.








 
Sonda görkəmli alim Zərifə Əliyevaya həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}