Akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından qısa oçerklər...


 

Məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu olmuşdur. 


1932-1942-ci illərdə orta məktəbdə təhsil alan Zərifə xanım Əliyeva 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzolunmaz xidmətləri olmuşdur. Elmi fəaliyyəti olduqca zəngin və əhatəli olan Zərifə xanım Əliyeva bir alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş tədqiqatlar aparmış və elmi-tədqiqat işləri yazmışdır.

1960- cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasının əsasında məhz bu tədqiqat işlərinin nəticələri dayanır. Zərifə xanım Əliyeva 1968-ci ildən professional oftalmologiyanın problemləri ilə ciddi şəkildə maraqlanmağa başlamış və dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdır.

1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor vəzifələrində çalışan Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasında illər boyu apardığı müşahidələrinin, klinik tədqiqatlarının və təcrübələrinin nəticələri əks olunmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsi almış, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində fəaliyyət göstərmişdir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur. Görkəmli alim, nəcib insan, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır, onun fəaliyyəti davamçılarının yolunu nurla işıqlandırır.


Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}