Qlobal qiymət artımı və boşalan pulqabılar: Pandemiya dərsləri başqa tövsiyələr verir


 

Bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi ən əsas məsələlərdən birinə çevrilib. Xəbərlərdən oxuyuruq ki, Çin, Tacikistan və s. ölkələr hazırda ərzaq məhsullarının tədarükü ilə məşğuldurlar.

Şəffaflıq.az məlumat verir ki, bu, dünya çapında ərzaq məhsullarının bahalaşması və qıtlıq ehtimalı ilə izah olunur. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, martda dünya ərzaq qiymətləri 12,6% artaraq 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Ekspertlər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi dənli bitkilər və bitki yağları bazarında bahalaşmaya səbəb olub. Xüsusilə, şəkər və süd məhsullarının qiymətində xeyli artım qeydə alınıb. Martda bitki yağları 23,2% bahalaşıb. FAO izah edir ki, Qara dəniz regionundakı vəziyyətlə əlaqədar günəbaxan yağının tədarükü azalıb. Nəticədə, palma, soya və raps yağlarına tələb artıb.

Taxıl 17,1% bahalaşıb ki, bu da 1990-cı ildən bəri maksimum göstəricidir. Qiymətlər ən çox buğda (19,7%) və yem taxılında (20,4%) artıb. Bu, Ukrayna və Rusiyadan tədarükün kəsilməsi ilə əlaqəlidir. Dünya bazarında şəkər də 6,7% bahalaşıb. Ətin qiyməti 4,8% artaraq tarixi maksimuma çatıb. İxrac ölkələrində quş qripi səbəbindən quş əti, habelə süd məhsulları da bahalaşıb.

Ümumdünya Ticarət Təşkilatı 2000-ci illərin ikinci yarısında yüksək inflyasiya səbəbindən baş verən ərzaq iğtişaşlarının təkrarlanmasını mümkün hesab edir. Bu barədə ÜTT-nin rəhbəri Nqozi Okonjo-İveala məlumat verib. Onun sözlərinə görə, dünyanın ən kasıb ölkələrində xalq iğtişaşları Ukraynadakı münaqişə və anti-Rusiya sanksiyaları fonunda ərzaq qiymətlərinin yüksək olması səbəbindən real görünür.

Burada daha bir vacib amil isə əhalinin belə situasiyalarda təmkinli davranışıdır. Təbii ki, burada əhalinin panikaya düşməsi, marketlərdə basabas yaratması yersizdir və yalnız əks-effekt verə bilər. Pandemiya dövrünün təcrübəsi də bu cür ajiotajın zərərli və lüzumsuz olduğunu açıq göstərdi. Bütün dünyada olduğu kimi, pandemiyanın ilk vaxtlarında Azərbaycanda da insanlar marketlərə doluşur, ehtiyac olmadan da artıq ərzaq almağa tələsirdilər.

Sonradan məlum oldu ki, bu cür təlaş yersizdir, çünki pandemiya dövründə belə, Azərbaycanda anbarlar və marketlər ərzaqla və digər məhsullarla dolu idi. Bundan başqa, pandemiya dövründə Azərbaycan hökuməti əhaliyə və sahibkarlara dəstək və kreditlər verməklə vətəndaşların rifahının və biznesin inkişafının davamlılığını təmin etdi. Bu da bir daha sübut edir ki, dövlətin siyasətinin mərkəzində məhz insan amili dayanır.

Hazırda da dünyada və ölkəmizdə ərzaq məhsullarının qiymət artımı müşahidə olunur. Bu, ilk növbədə təbii iqtisadi proseslərlə bağlı baş verir. Belə bir halda qiymət artımına yersiz müdaxilə və qiymət artımının qarşısının alınması üçün inzibati tədbirlər isə qıtlıq yarada, marketlərin spekulyasiya imkanlarını artıra bilər.

Təbii ki, süni qiymət artımının qarşısını almaq məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi monitorinqlər və tədbirlər həyata keçirilir. Bunlardan əlavə, ərzaq tədarükü sahəsində dövlətin hazırda həyata keçirdiyi tədbirlər isə ölkədə ərzaq və məhsul bolluğunun təmin edilməsinə yönəlib.

Məsələn, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilib.

Kimsə bu qərarı “sahibkarlığa müdaxilə” kimi də yoza bilər, amma əslində qonşu ölkələrin də təcrübəsi göstərir ki, bu, düzgün qərardır və məhz Azərbaycan cəmiyyətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilib. Hazırda bəzi ölkələrdə də belə tədbirlər görülür ki, bu da dövlətin ölkənin ərzaq təminatı baxımından məsuliyyətli siyasətini ortaya qoyur.

Bir sözlə, vətəndaşlar qiymət artımının qlobal müstəvidə ortaya çıxan müvəqqəti hal olduğunu nəzərə almaqla bərabər, həm də ərzaq təminatından narahat olmamalıdırlar. Pandemiyanın tüğyan etdiyi 2020-ci ilin təcrübəsi bizə öyrətdi ki, belə hallarda təmkinli olmaq, ajiotaja uymamaq lazımdır.

Artmış qiymətlər fonunda pulqabındakı əsginasları lüzumsuz yerə artıq ərzağa israf etməkdə “yarışa” qoşulmaq isə yalnız cibə və psixoloji duruma ziyan gətirə bilər. Odur ki, israfçılığa yol verməyək, artıq ərzaq tədarükünə getməyək. Pullarınıza və vaxtınıza heyfiniz gəlsin.  
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}