Ali Məhkəmənin sədri Şamaxı rayonunda vətəndaşları qəbul edib
Şəffaflıq.az xəbər verir ki, qəbuldan öncə Şamaxı rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Ali Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verib.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Şamaxı Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şamaxı və Qobustan rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirmişdir.
Ali Məhkəmənin sədri Ulu öndər Heydər Əliyevin müxtəlif sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində başlatdığı islahatların onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla inkişaf etdirildiyini vurğulamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədar qanunvericiliyə edilmiş mütərəqqi dəyişikliklərin məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, eləcə də, süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınmasına xidmət etdiyi qeyd edilmişdir.
Məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün hakimlərin fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinin labüdlüyü bildirilmiş, qanunvericilikdəki cari yeniliklərin dürüst və vaxtında icrasının təmin olunmasına dair tövsiyələr verilmişdir.
Facebook-da paylaş