“İlhamlı qələbələr” adlı idman festivalı çərçivəsində təşkil edilən stolüstü tennis üzrə turnirin açılış mərasimi olub
Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova, “BrendSport.az” saytının rəhbəri Bəhruz Səmədov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, qazi Bəhlul Əliyev və digərləri çıxış edərək doğma Vətənin müdafiəsi uğrunda canından-qanından keçən qəhrəmanlarımızın hər zaman yaddaşlarda əbədi yaşayacaqlarını bildiriblər. Qeyd edilib ki, şəhidlik zirvəsinə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları Azərbaycanın hər bir vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.
Bəhruz Səmədov turnirin geniş işıqlandırılması üçün göstərdiyi fəal informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a minnətdarlığını bildirib.
Sonra şəhid Məhərrəm İbrahimovun ailəsinə xatirə hədiyyəsi təqdim edilib.
Daha sonra yarışa start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının və “BrendSport.az” saytının birgə təşkilatçılığı ilə təşkil olunan “Şüa” idman-sağlamlıq kompleksində keçirilir. Turnir üç qrupda - qazilər, jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri arasında təşkil olunub. AZƏRTAC-ın əməkdaşları da qalib adı uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, şəhid jurnalist Məhərrəm İbrahimov bundan əvvəlki stolüstü tennis yarışlarında dəfələrlə iştirak edib və mükafatçılar sırasında yer alıb.
“İlhamlı qələbələr” idman festivalı çərçivəsində minifutbol və velosiped idmanı üzrə yarışlar artıq başa çatıb. Bundan başqa, peyntbol, güllə atıcılığı və şahmat turnirlərinin təşkili də planlaşdırılır.BrendSport.az
Facebook-da paylaş