Əmisini güllələyən şəxsin cəzası azaldılıb

Ali Məhkəmədə Ağstafa rayonunda iki nəfəri güllələmkdə təqsirləndirilən Sərxan Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Şəffaflıq.az-ın məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Məmmədovun kassasiya şikayəti qismən təmin edilib.
Belə ki, onun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri həmin Məcəllənin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü maddələrinə tövsif olunub.
Ali Məhkəmə məhkumun 14 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 8 ilə endirib.
Qeyd edək ki, hadisə 2019-cu ilin oktyabr ayının 31-də Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisədən bir gün əvvəl kənd ərazisində toy mərasimində iştirak edən 1989-cu il təvəllüdlü Sərxan Mehman oğlu Məmmədov Bakıdan gələn qonaqlara sataşıb. Bu zaman əmisi Qabil Məmmədov ona iradını bildirib. Tərəflər arasında mübahisə ətrafdakılar tərəfindən sakitləşdirilib.
Bir gün sonra isə Q.Məmmədov kənd ərazisində yerləşən çayxanaların birinin həyətində çay içərkən S.Məmmədov "Mercedes" markalı avtomobillə çayxananın önünə gəlib və tüfənglə avtomobildən atəş açaraq əmisini vurub.
Daha sonra avtomobillə ərazidən uzaqlaşıb. Hadisə zamanı əmisinin yaxınlığında olan Yusif Əlləcov da xəsarət alıb.
S.Məmmədov tutularaq istintaqa cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Məmmədov apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}