Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istəyib
Şəffaflıq.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Vəliyevin vəkili çıxış edib.
O bildirib ki, müdafiə etdiyi şəxsə məxsus binanı zərərin ödənilməsi üçün dövlət nəfinə verilməsinə razılıq verilib. Vəkil yazılı ərizəsini məhkəməyə təqdim edib.
Daha sonra dövlət ittihamçısına söz verilib.
Prokuror çıxışında V.Səfərlinin 11 il, B.İsmayılovun 7 il, Ə.Vəliyevin 7 il, N.Məmmədovun 7 il, B.Fətullayevin 2 il, T.Xəlilovun 2 il, T.Tahirovun 7 il, V.Orucovun 2 il, T.Yaqubovanın 6 il (şərti cəza), Ş.İbrahimovun 2 il və N.Hacıyevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Eyni zamanda, dövlət ittihamçısı V.Səfərlinin üzərinə həbs qoyulmuş əmlaklarının ziyanın ödənilməsinə yönəldilməsini xahiş edib.
Müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti məhkəmə prosesi dekrabrın 14-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Facebook-da paylaş