Tələbələr təhsil kreditinin şərtlərindən narazıdırlar - SORĞU
Təhsil eksperti Kamran Əsədov "Report"a bildirib ki, tələbə təhsil kreditlərinin verilməsində bir sıra məhdudiyyətlər var. Onun sözlərinə görə, qiyabi təhsil alan tələbələr həmin kreditlərdən yararlana bilməyəcək: "Həmçinin kreditlərin verilməsi üçün olan şərtlər də kifayət qədər ağırdır".
Çıxış yolunu faizlərin azaldılmasında görən ekspert vurğulayıb ki, Azərbaycanın hazırda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və onlardan 124 mini ödənişli əsaslarladır: "Məhdudiyyət və kəsrləri nəzərə alsaq, yalnız 56 min tələbə kredit almaq üçün müraciət edə bilər".
Təhsil nazirinin müavini İdris İsayev isə qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana biləcəklərini vurğulayıb.
O bildirib ki, əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur: “Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir”.
Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət formasına gəlincə, nazir müavini vurğulayıb ki, bu sahədə sadələşdirmə olacaq.
İ.İsayev söyləyib ki, sadələşdirmədən sonra yaşı 18-dən az olan tələbələr notarial qaydada təsdiq edilən ərizənin nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu sistemə daxil etməklə bu xidmətdən yararlana biləcəklər.
Operator: Vüqar Xanlarov
Montajçı: Məhəmməd Ağayev
Facebook-da paylaş