Qurban Yetirmişli: "Zəlzələdən sonra afterşokların davam etməsi normaldır"

 "Bu gün qeydə alınan zəlzələlərdən sonra maqnitudası 2, 2.5 və 1.5 olan afterşoklar müşahidə olunmaqdadır".
Bunu barədə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, təbii olaraq, bu afterşokların davam etməsi normaldır:
"Sadəcə, bu gün qeydə alınan 5.1 gücündəki ilk zəlzələ orta gücdə olduğuna görə ondan sonra maqnitudası zəif təkanlar davam etməlidir. Bu, enerji gedənə qədər belə olmalıdır".
Zəlzələ nəticəsində heç bir dağıntının qeydə alınmadığını bildirən baş direktor qeyd edib ki, təhlükəli heç nə yoxdur: "Ola bilər ki, nadir yerlərdə keyfiyyətsiz tikililərdə müəyyən çatlar əmələ gəlsin. Amma ümumilikdə, normal və keyfiyyətli tikililərdə heç bir fəsad izi ola bilməz və heç bir tələfat və dağıntıdan söhbət gedə bilməz".
Qeyd edək ki, bu gün Azərbaycanda iki zəlzələ baş verib. Zəlzələlərdən biri yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində 5,1 gücündə, ikincisi isə 16:48-də 4,5 bal gücündə olub.
Yeraltı təkan ətraf rayonlarda 4,3 bal hiss olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə nazirliyə məlumat daxil olmadığını bildirib.
Şamaxı Rayon İcra Hakimiyyəti isə hər hansı fəsad müşahidə olunmadığı və xəsarət alanın olmadığı barədə məlumat yayıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}