Bu gün Şamaxıda şəhid isgəndərov Şahmurad Natiq oğlunun il mərasimi keçirilib.

 17.11.2021-ci il tarixdə Şamaxı rayon Göylər kəndində şəhid İsgəndərov Şahmurad Natiq oğlunun il mərasimi keçirilib.
 Şəffaflıq.az xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri, ictimaiyyət nümayəndələri şəhid İsgəndərov Şahmurad Natiq oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Şahmurad İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. Məktəb illərindən idmana marağı olan Şahmurad məktəbin güləş dərnəyinə yazılmış, rayon və respublika səviyyəli yarışlarda fərqlənmişdir. 9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında Quru qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Turkiyə Respublikasına getmiş, 1 ay müddətində kurslarda iştirak etmişdir. İştirak etdiyi kursları başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun olaraq özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur.
Azərbaycan ordusunun əsgəri olan Şahmurad İsgəndərov 29 sentiyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şahmurad İsgəndərov Suqovşan uğrunda gedən döyüşlərdə iştirak edib. O, daha sonra Ağdərə istiqamətində gedən döyüşlər zamanı 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra 17noyabr tarixində şəhid olub. Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Suqovuşanın azad edilməsinə görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Əfşanə.S
Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}