DÇ-2022: Final mərhələsi və pley-offun son iştirakçıları bəlli olacaq
“Report”un məlumatına görə, X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutacaq. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olacaq.
D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Didye Deşamın baş məşqçi olduğu komanda mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün elə də önəm daşımır. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azından uduzmamalıdır. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.
E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşacaq. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gələcək. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.
Gecənin ən maraqlı oyunları E qrupunda olacaq. 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkəcək. Digər önəmli matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. Vacib oyunlar öncəsi “narıncılar”ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha böyükdür. Lui Van Qalın baş məşqçi olduğu komanda heç-heçə sayəsində də bunu bacara bilər. 18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.
DÇ-2022, seçmə mərhələ
X tur
16 noyabr
D qrupu
23:45. Finlandiya – Fransa
23:45. Bosniya və Herseqovina – Ukrayna
Xal durumu: Fransa – 15 (7 oyuna), Finlandiya – 11 (7), Ukrayna – 9 (7), Bosniya və Herseqovina – 7 (7), Qazaxıstan – 3 (8)
E qrupu
23:45. Uels – Belçika
23:45. Çexiya – Estoniya
Xal durumu: Belçika – 19 (7 oyuna), Uels – 14 (7), Çexiya – 11 (7), Estoniya – 4 (7), Belarus – 3 (8).
G qrupu
23:45. Cəbəllütariq – Latviya
23:45. Monteneqro – Türkiyə
23:45. Niderland – Norveç
Xal durumu: Niderland – 20, Türkiyə – 18, Norveç – 18, Monteneqro – 12, Latviya – 6, Cəbəllütariq – 0.
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.
Facebook-da paylaş