Qətər klubu Xavinin "Barselona"nın sükanı arxasına keçməsinə razılıq verib
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Əl Sədd"in baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, Kataloniya təmsilçisi müqavilədə nəzərdə tutulan təzminat məbləğini ödədikdən sonra 41 yaşlı mütəxəssisin gedişinə icazə verilib: "Biz "Barselona" ilə gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik. Xavi "Əl-Sədd" tarixinin mühüm hissəsidir, ona gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.
2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var.
Facebook-da paylaş