"Səbail"in baş məşqçisi: "Bu qələbəyə sensasiya da demək olar"

 "Çox sürətli və maraqlı görüş izlədik. Bəlkə də burada olduğum müddətdə ən yaxşı oyunumuz idi".
Şəffaflıq.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, rəqibi nəzərə alanda belə bir nəticə qazanmaq asan deyil: "Futbolçularımla fəxr edirəm. Matçdan öncə hamısına bildirmişdim ki, inanmaq lazımdır. Diqqətli oynayanda istənilən rəqibə qarşı mübarizə apara bilirik. Problemlər görünürdü. Heyətimizi formalaşdırmağa çalışırıq. Bu gün də sistemdə dəyişikliklər edirik".
Hacıyev hər iki hissədə yaxşı çıxış etdiklərini vurğulayıb: "Hesabın 3:1 olması əbəs deyil. Rahatlaşmaq olmaz. Bu, bizə problem yarada bilər. Növbəti oyunumuz "Sumqayıt"a qarşıdır. Bərpa vaxtımız az olsa da, hazırlaşmalıyıq".
Baş məşqçi rəqibin qol vurduğu epizodda Kamran Ağayevin səhv edib-etməməsi ilə bağlı suala bu cür cavab verib: "Kamranın meydana qayıtması böyük hadisədir. Onun buraxdığı səhvlərə səbr etməyə çalışırıq. Çünki inamımız böyükdür. Təcrübəli qapıçıdır. Ondan çox şey gözləyirik. Gənclərə nümunə olmasını istəyirik. Klub üçün önəmli simadır. Buraxılan qola gəlincə, topu qapının üstündən atmaq istədi. Küləyin də təsiri oldu. Amma sevindirici haldır ki, bundan sonra sınmadı. Hər şey düşündüyümüz kimi alındı. Hesab 2:1 olanda həyəcan yaşadıq. Ümumi götürsək, Kamran bu gün ən yaxşı oyunlarından birini keçirdi".
Hacıyev Rahid Əmirquliyevin əvəzlənməsinin səbəbini də açıqlayıb: "Abdullah Zubirin meydana çıxmasından sonra rəqibin hücumlarının kəsəri artdı. Düşündük ki, cinahda daha gümrah futbolçuya ehtiyac var. Ona görə də dəyişiklik etdik".
O, Qurban Qurbanov üzərində qazandığı ilk qələbəyə də toxunub: "Qələbə hər zaman xoşdur. Heç vaxt özümü hansısa baş məşqçini məğlub etmiş mütəxəssis kimi qələmə vermək istəmərəm. Xüsusilə də söhbət Qurban müəllimdən gedirsə. Onu təbrik edirəm. Ölkənin ən fəxr olunası mütəxəssisidir. İnanırıq ki, avrokuboklarda yeni tarix yazacaq. Onun qələbələri Azərbaycan futbolu üçün tarixdir".
Hacıyev "Səbail"dəki maaş probleminin həllini tapdığını söyləyib: "Bunun da qələbədə rolu ola bilər. Motivasiya baxımından önəmlidir. Sağ olsun rəhbərlik, çox gecikdirmədi, maaşları verdi. Bu, daimi gecikmə olmayacaq. Sadəcə, mövsümün əvvəlidir, sənədləşmələrdə problem yaşanır. Əvəzedici komandanın futbolçuları ilə bağlı sıxıntı var idi. Amma bu, boykot deyildi. Rəhbərlik problemin həllini sürətləndirdi. Hər kəsin məvacibi ödənilib. Ümid edirik ki, növbəti aylarda olmaz. Bütün borcların ödənildiyini bilmirəm".
Baş məşqçi deyib ki, bir qələbə ilə ümumi nəticə barədə fikir formalaşdırmaq düzgün deyil: "Səbail"in də imkanlarının digər komandalarla eyni olmasını istərdik. Amma bu, bizdən asılı məsələ deyil. Buna rəhbərlik qərar verir. Mən heç vaxt həvəsdən düşmürəm. "Səbail"in Premyer Liqada mənə ilk qapı açan klub olduğunu nəzərə alsaq, buradan öz xoşumla getmək fikrində deyiləm. Bu klub mənim üçün çox doğmalaşıb. Çatışmazlıqlarımız var. Hücumçusuz oynayırıq. Rauf Əliyev oynasaydı, bəlkə də hücumda daha effektli ola bilərdik. Heyətimizin güclü olmasını, yuxarı yerlər uğrunda mübarizə aparmağı istərdik. Əlimizdən gələni edəcəyik. Ardıcıl 4 məğlubiyyətdən sonra aşkar autsayder olacağımızı düşünənlər oldu. Amma təslim olmayacağıq".
Mütəxəssis nəticənin ədalətli olduğunu əlavə edib: "Oyunun içinə girsək, belə düşünmək olar. Düzdür, rəqib topa daha çox nəzarət etdi. Amma bizim epizodlarımız daha real idi. Təbii ki, buna sensasiya da demək olar. Çünki rəqibin heyətində bizim oyunçulardan qat-qat güclü futbolçular var. Sadəcə, bu gün daha yaxşı oynadıq"."Report"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}