Qurban Qurbanov: "Çempionluğu itirdik, amma çox şey qazandıq"

 

"Rəqibi təbrik edirəm. Çempionluq üçün istəkli idilər və bu il nail oldular. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm".

Şəffaflıq.az məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətə konkret səbəb görmədiyini bildirib: "Bu gün müdafiə futbolu sərgiləyə bilərdik. Sadəcə, biz oyunun gedişatında uyğun qərarlar verdik. İlk yarıda Patrik Andradeni, ikinci hissədə isə Mahir Emrelini itirdik. Üçüncü hücumçunu meydana buraxdıq. Rahil Məmmədov da oyunun gedişatına uyğun əvəzləmə idi. Buraxdığımız qol anında Rahil yox, başqa futbolçu da orada ola bilərdi".
49 yaşlı mütəxəssis komandasının istədiyi, amma verilməyən penalti epizodları barədə də danışıb: "Kimə nə cür sərf edirsə, elə də deyə bilər. Birinci epizodda penalti olduğu görünür. Amma özümə haqq qazandırmaq istəmirəm. Mənim fikrimcə, var idi, mənə belə sərf edir. Samir Abasovun fikrincə, yox idi, ona elə sərf edir (gülür)".
Qurbanov 7 mövsümdən sonra çempionluğu əldən vermələrinə rəğmən, ruhdan düşməli olmamağın gərəkliyini söyləyib: "Ümumi baxanda görünən odur ki, rəqibin bizdən 9 xal alması həlledici oldu. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:2 hesabı ilə uduzduğumuz oyun möcüzə kimi idi. Hər şey bir yuxu kimi oldu. Faciəvi bir oyun idi və maraqlı ssenari alındı. Daha da ürəkli olmalıyıq və ruhdan düşməli deyilik".
Baş məşqçi komandasının illərdir əziyyət çəkdiyini bildirib: "Mən həmişə ümumi işi götürürəm. Onlar neçə illərdir əziyyət çəkirlər. Milli komandada, avrokuboklarda və çempionatda çox oyuna çıxırlar. Uğur əldə ediləndə futbolçulardan növbəti uğur istənilir. Neçə illərdir əziyyət çəkirik, daim çalışırıq ki, komandanı tempdə saxlayaq".
Qurbanov 2021/2022 mövsümündə çıxış edəcəkləri UEFA Konfrans Liqası haqqında bunları söyləyib: "Bizim kimi, orada da çempionatlarında məğlub olanlar iştirak edəcək. Maraqlı turnir olacaq. Hazırda oyunçulara istirahət lazımdır. Konfrans liqası yeni turnirdir. Komandamızın istirahətə çox ehtiyacı var. Çalışacağıq ki, Konfrans Liqasında maksimumu edək".
"Təcrübəli mütəxəssis artıq özünü daha rahat hiss etdiyini söyləyib: "Torpaqlarımız işğaldan azad olunub. İndi özümü klubda daha rahat hiss edirəm. Daha əvvəl daim qorxu və həyəcan var idi. Düşündüklərimi tam yerinə yetirə bilmirdim. Əvvəl məndə gərginlik daha çox idi, nəinki indi. İndi daha ürəkli oynamaq istəyirəm" deyən baş məşqçinin fikrincə, torpaqlarımızın qayıtması özü üçün böyük qalibiyyətdir: "Hər zaman legionerlərə bu barədə məlumat verirdik. Hər bir azarkeş gözləyir ki, komandaları çempion olsun. Bu gün bazadan çıxanda xeyli fanat var idi. Sadəcə, onlara görə təəssüflənirəm. Son iki ildə komandadan çox futbolçu gedib. Onların yerini doldurmaq asan deyil. Bu gün "Barselona" da 4-5 futbolçunun yerinə oyunçu tapa bilmir".
Qurbanov onu da vurğulayıb ki, işğaldan azad olunmuş Ağdamda oynamaq fikri daim olsa da, ora getmək üçün hələlik tezdir: "Hazırda bərpa və tikinti işləri gedir. Gözləməliyik. Daim oraya getmək hazırıq. İmarət stadionuna oyunçular getmişdi, mən isə müəyyən səbəblərdən gedə bilmədim".
O, 2020/2021 mövsümünün karyerasının çətin ili adlandırılması fikri ilə razılaşmayıb. Bununla belə, baş məşqçi mövsümün problemlərlə müşayiət olunduğunu etiraf edib: "İnsan daim sağlam ola bilməz. Bu il çox problemli oldu. 3-4 tur əvvəl sevindim ki, futbolçularımızın hamısı geri qayıdır. Amma Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədələndi. Bu gün isə daha iki oyunçunu itirdik. Bizim üçün çox gərgin il oldu. Avropa Liqasının pley-off oyunu vaxtı ölkəmizdə müharibə gedirdi. Mənim həmin gecə nələr keçirdiyimi Allah bilir. Yenə də şükürlər olsun ki, uğur əldə etdik. Biz belə gərgin oyunlarda İsmayıl İbrahimliyə və Elvin Cəfərquliyevə güvəndik. Çempionluğu itirdik, amma çox şey qazandıq. Çempionluq üçün hər şeyi etməyə çalışdıq. Amma il boyu, mövsüm ərzində əlimizdən gələni etdik. Paltardəyişmə otağında futbolçulara ilk sözüm o oldu ki, məğlub olmağı bacarmalıyıq. Hamımız bilirik ki, hər bir komanda bizə qarşı istəklidir. Bu il ən çox topa sahib olduğumuz, qol epizodu yaratdığımız və oyun sayına görə ən çox fərqləndiyimiz mövsüm oldu".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}