İsmayıllının Talıstan kəndində şəhidin xatirəsi yad edilib.-FOTO
Şəffaflıq.az xəbər verir ki, mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb.Şəhid Səməd Hüseynzadənin keçdiyi qısa və şərəfli ömür yolundan xatirələr söylənilib, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.
Mərasimdə Talıstan kənd tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. 44 günlük Vətən müharibəsində iştirak edən Səməd Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mərasimdən sonra qonaqlar şəhidin yaşadığı evdə olub, “Suqovuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və "Ağdamın azad olunmasına görə” medallarını onun ailəsinə təqdim ediblər. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Şəffaflıq.az
Facebook-da paylaş