Anım Günü Azərbaycanımızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd edilib.-FOTOLAR

 27 sentyabr - Anım Günü Azərbaycanımızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd edilib.
Şəffaflıq.az xəbər verir ki, səhər saatlarında Şamaxı Cümə məscidində, eləcə də digər məscidlərdə din xadimləri tərəfindən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Quran oxunub.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, rayon sakinləri, o, cümlədən "Qarabağ qaziləri" İB-in Şamaxı rayon üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri, Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının məzarları üzərinə tər çiçəklər düzüblər.


 
Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə 500 ədəd Eldar şamı əkilıb.


Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında təşkil olunan tədbirdə çıxış edən icra başçısı Tahir Məmmədov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun böyük Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən ətraflı danışıb, müharibələrin itkisiz olmadığını söyləyib. 

O, şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırıb.
Mərasimdə çıxış edən deputat Tamam Cəfərova 44 günlük müharibədə Prezident İlham Əliyevin təkcə cəbhədə ermənilərlə döyüşlərə rəhbərlik etmədiyini, həm də diplomatiya və informasiya sahəsində dünyanın bir çox ölkələri ilə mübarizə apardığını, Azərbaycanın bu davada haqq səsini bütün dünyaya çatdıraraq şanlı Ordumuzun ədaləti bərpa etdiyini bəyan edib.Sonra YAP Şamaxı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov, QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu hacı Mərəhməd Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və şəhid atası Rza Nəbiyev çıxış edərək, döyüşlərdə şanlı Azərbaycan Ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulayıb, düşmənə sarsıdıcı zərbə vuraraq onlara yaddaşlarından silinməyəcək dərs verdiklərini bildiriblər.

Şagirdlərin ifasında fləşmob və ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbir “Qalib Azərbaycan xalqı”, “Müzəffər Ali Baş Komandan”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yekunlaşıb.Ölkəmizin hər yerində olduğu kimi, saat 12:00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Sonra rayonun ayrı-ayrı kəndlərində dəfn olunan şəhidlərin məzarları ziyarət edilib, habelə Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun ailələrinə baş çəkilib.

Vahid İsmayılov.
Şamaxı
Şəffaflıq.az 



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}