Vətən müharibəsində fəal iştirak edən hərbçimizin bu gün cənnətdəki ilk ad günü qeyd olunub.FOTO

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən,  müharibədən bir neçə gün sonra  vəfat edən baş-leytenant Şıxıyev Vüqar Xalid oğlunun bu gün cənnətdəki ilk ad günü qeyd edilib.

Şəffaflıq.az xəbər verir ki,Mərasim mövcud pandemiya qaydalarına  uyğun olaraq  keçirilib. Anım mərasimində rayon icra hakimiyyətinin başçısının müavini,      RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları,  şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Yaşasaydı  Vüqarın 50 yaşı tamam olacaqdı.
Çıxış edənlər Vüqarın keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi qəhrəman oğullarla hər zaman fəxr etdiklərini bildiriblər. Vüqar Şıxıyevin məzarı  ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və ailə üzvlərinə başsağlığı verilib. Daha sonra tədbir  Vüqarın xatirəsinə inşa olunmuş bulağın açılışı ilə davam edib. Açılışda çıxış edənlər bulağın inşa edilməsində əziyyəti olan hər kəsə öz təşəkkürlərini bildiriblər. Tədbirdə İ.Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib. Vüqarın ailə üzvləri və yaxınları onunla həmişə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Şıxıyev Vüqar Xalid oğlu 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak etmişdir. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında  iştirak edərək fəxri fərmanla təltif edilmişdir.

1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakultəsinə qəbul olmuş, 1992-ci ildə oranı bitirmiş və eyni zamanda  ona leytenant hərbi rütbəsi verilmişdir. Hərbi xidmətini Tovuz rayonunda N saylı hərbi hissədə etmişdir. 2001-ci ildə hədəfləri sərrast vurduğuna görə ona baş leytenant hərbi rütbəsi verilmişdir. 2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsində Vüqar Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya zabiti kimi fəal iştirak etmişdir. O, torpaqların azad olunması sevincini yaşamış, lakin 8 dekabr 2020-ci ildə xidmətdə olarkən ürək tutmasından vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vüqar Şıxıyev  "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif edilib.

Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}