Şamaxılı Zöhrə nənənin Ulu Öndərlə bağlı xatirələri.- SƏMİMİ SÖHBƏT
Şəffaflıq.az bildirir ki, Mərkəzin direktoru Könül Eyvazova Zöhrə Zamanovanın böyük şəxsiyyət Heydər Əliyevlə görüşündən aldığı təəssüratlarndan danışıb.
Zöhrə nənənin dediklərindən: “Dahi rəhbərimiz Heydər Əliyev Şamaxı rayonunda 14 dəfə səfərdə olub. Onun hər gəlişi bizdə yüksək fərəh hissi oyadırdı. Həmin səfərlər zamanı işlədiyim sovxozda mənə də o dahi şəxsiyyətlə görüşmək, yaxından söhbət etmək şərəfi nəsib oldu. O, bizimlə xoş dillə, eyni zamanda, əsl rəhbər kimi söhbət edirdi. Hamı onunla söhbət etməyə can atırdı. O vaxtdan uzun illər keçsə də, Heydər Əliyevlə bu görüşləri unuda bilmirəm. Ulu Öndər briqadamızın bütün üzvləri, o cümlədən mənimlə çox mehriban və səmimi söhbət etdi, işimizlə yanaşı, ailə qayğılarımız və problemlərimizlə də maraqlandı. Görüşlərin birində üzünü mənə tutaraq soruşdu:
- Neçə uşağın var?
- On bir.
- Bir çətinliyin yoxdur ki?
- Yox, Sizin sayənizdə balalarımı vəzifəli şəxslərin uşağından da yaxşı saxlayıram, - dedim.
Heydər Əliyevin mehriban, səmimi insan olduğunu yaxşı bilirdim, ona görə də bir anlıq sükutdan sonra özümdə qüvvə topladım və dedim:
- Amma, yoldaş Əliyev, Sizin kimi böyük adam üçün iki uşaq azdır axı.
Onun cavabı indi də qulaqlarımda səslənir:
- Niyə elə fikirləşirsən, millətimin bütün övladları mənim balalarım deyilmi?!
Hazırda qocalmışam, amma çox qürur duyuram ki, gənclik illərim məhz o dövrlərə, Heydər Əliyevin ölkəmizə ilk rəhbərliyi dövrünə təsadüf edib.
Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyir, onun davamçısı Prezidentimiz İlham Əliyevə cansağlığı, uğurlar arzulayıram”.
Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru: Könül Eyvazova
Şamaxı şəhəri
Şəffaflıq.az
Facebook-da paylaş