Azərbaycan post-COVID dövrünə hazırlaşır, ölkə müharibədən sonra çevik toparlandı

  "Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər olduqca müsbət nəticələr verir. Artıq məhdudiyyətlər aradan qaldırılır və ölkəmiz post-COVID dövrünə hazırlaşır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu cür müsbət nəticələrin əldə edilməsi heç də səbəbsiz deyil:
“Belə ki, pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilib. Dövlət başçısının bəyan etdiyi kimi qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib”.
Deputat qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazda peyvəndə ilk başlayan ölkə olması da COVID-19-a qarşı mübarizədə effektiv nəticələrin əldə edilməsinə səbəb olub: “Azərbaycan bu ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlayıb. Artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər”.
V.İskəndərov məhz ölkəmizdə görülmüş bu cür müfəssəl tədbirlər nəticəsində karantin rejiminin tədricən yumşaldıldığını deyib: “Bəlli olduğu kimi pandemiya dövründə ölkə iqtisadiyyatı, xüsusilə də sürətli inkişaf dövrünə qədəm qoymuş turizm sektoru ciddi zərər çəkib. Bu baxımdan da post-pandemiya dövründə turizmin inkişafı etdirilməsi və əvvəlki göstəricilərin bərpa edilməsi qarşıda duran vacib məsələlərdəndir. Turizmin inkişafı bir tərəfdən dövlət tərəfindən görülən işlərlə bağlıdırsa, digər tərəfdən ölkədə keçirilən beynəlxalq tədbirlər də bu sahənin inkişafına təkan verir. Bu məqamda xatırlatmağı özümə borc bilirəm ki, pandemiyadan əvvəl Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən dünya səviyyəli idman yarışları keçirilib. Ölkəmizin uğurlu ev sahibliyi ilə keçirilən bu cür tədbirlər öz növbəsində Azərbaycana turist axınına da təkan verib”.
Deputat vurğulayıb ki, məhz bu baxımdan 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının və 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycanın post-Covid dövrünün turizm mövsümünə və Qarabağı böyük “turizm cənnəti”nə çevirməyə hazırlaşdığı ərəfədə bu cür tədbirlərini əhəmiyyəti çox böyükdür. Çünki bu tədbrilər zamanı Azərbaycana xarici ölkələrdən çoxsaylı insanlar gələcək. Bu isə həm Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri barədə dünya ictimaiyyətinə məlumat çatdırlması, həm də turizm potensialının bərpa edilməsi baxımından önəmlidir. Heç şübhəsiz ki, turizmin inkişafı həm də ölkə büdcəsinə əlavə gəlirin gəlməsi deməkdir”.
O bildirib ki, bu iki tədbirin keçirilməsi digər məqamla bağlı da əhəmiyyətlidir:
"Belə ki, Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışlara ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir. Təbii ki, bu da özülü düzgün qoyulan çoxşaxəli inkişaf siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində Azərbaycan bu gün öz ərazi bütövlüyünü bərpa edən və regionda yeni reallıqlar yaradan ölkə kimi tanınır”.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}