Mərasimə gələnlər şəhidin məzarı üzərinə əklil və çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Çıxışlarda şəhid Turalın şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, 2002-ci ilin may ayında dünyaya göz açan T.Şıxızadə böyüyüb boya-başa çatdığı Diyallı kənd tam orta məktəbinin 9-cu sinifi bitirdikdən sonra İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini davam etdirib.
O, idmanın qol güləşi ilə məşğul olurdu. 2018-ci ildən yarışlara qatılıb. Uğurlu çıxışları nəticəsində 6 medal, 11 diplom qazanıb. Bu idman növü üzrə həmçinin, ölkə birincliyinə layiq görülüb. 2020-ci ilin iyulun 11-də həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmət edən qəhrəmanımız Vətən müharibəsi başladığı gündən etibarən döyüşlərdə iştirak edib. 71 günlük axtarışdan sonra Turalın şəhid olduğu məlum olub. Oktyabrın 1-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhidliyə yüksələn Tural dekabrın 11-də İsmayıllı rayon Diyallı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa vaxtda, cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığı,Tural və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib.
Sonda mərasim iştirakçıları şəhidin ailəsinə baş çəkiblər.
Dəyanət İsmayılov. İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş