Azərbaycanlı alim: “AstraZeneca" koronavirusa qarşı effektiv immunitet formalaşdırır
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, sözügedən peyvəndlə bağlı yeni tədqiqat işi aparan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Azərbaycanlı alimin sözlərinə görə, "AstraZeneca" ilə peyvəndlənən şəxslərdə koronavirusa qarşı effektiv immunitet formalaşır: “Tədqiqatlara əsasən, əminliklə deyə bilərəm ki, "AstraZeneca" peyvənd olunan şəxslərin təkcə özlərini virusdan qorumur, həm də onunla peyvəndlənənlərin ətrafındakı insanların da gələcəkdə virusa yoluxma riskini təxminən 70 faizədək azaldır. Bu da həmin peyvəndi aldıqdan sonra qazanılan immunitetlə və yenidən virusla kontakt zamanı qəbul edilən virus yükü ilə bağlıdır”.
"AstraZeneca" ilə bağlı mənfi məlumatlara münasibət bildirən alim təəssüflə deyib ki, bu gün dünya miqyasında insanları təşvişə salmaq məqsədilə dezinformasiyalar yayılır: “Amma tədqiqatlarla tanış olduqdan sonra yayılan məlumatların heç bir əsası olmadığı müşahidə edilir. Düşünürəm ki, insanlar da peyvəndlə bağlı yalnız elm adamlarının, mütəxəssislərin fikirlərinə inanmalıdırlar. Oxucuların diqqətinə çatdırım ki, İngiltərədə 20 milyondan çox insan "AstraZeneca" ilə peyvənd edilib. Onların təkcə 79 nəfərində tromb tapıldığı iddia edilir. Almaniyada isə aprel ayında ümumilikdə 11 milyondan çox "AstraZeneca" peyvəndi tətbiq edilib. Bunlardan da yalnız 42-də tromba şübhəyə rast gəlinib. Ümumilikdə isə bu şübhələrin heç birində birbaşa peyvəndə görə bunun əmələ gəlməsi söylənilmir. Burada əlavə, bir vacib məqamı qeyd edim ki, trombun meydana gəlməsini birbaşa peyvəndlə əlaqələndirməyin bu gün heç bir elmi əsası yoxdur. Çünki bununla bağlı indiyədək müxtəlif mexanizmlər irəli sürülsə də, heç biri elmi olaraq təsdiqlənməyib və heç bir tədqiqatda öz əksini tapmayıb ki, bir başa peyvəndin təsirindən tromb əmələ gəlir. Ona görə də tromb aşkarlanması ilə bağlı say göstəriciləri də dünyanın heç bir rəsmi səhiyyə qurumu tərəfindən bir başa peyvəndin nəticəsi kimi təsdiqlənməyib, sadəcə olaraq şübhəli məqam olduğu üçün diqqətdə saxlanılır və araşdırılır ki, bu da həmin qurumların 4-cü faza tədqiqatlar zamanı vəzifə borcudur”.
N. Abdullayevin sözlərinə görə, bir müddət əvvəl bəzi ölkələrdə, eləcə də Almaniyada "AstraZeneca" ilə bağlı mediada yayılan müəyyən şübhələrdən sonra onun tətbiqinə fasilə verilmişdi: “Bu fasilə qərarı da yuxarıda qeyd etdiyim kimi müəyyən qurumların vəzifə borcu idi. Amma sonradan həmin şübhələr söylənildiyi kimi öz təsdiqini tapmadığı üçün Almaniya ehtiyatı əldən verməmək şərti ilə yenidən o peyvəndlə vaksinasiyaya başladı. Ümumiyyətlə, "AstraZeneca"dan sonra tromb əmələ gəldiyi iddia olunan insanlar arasında onların yaş qrupu, cinsiyyəti və xəstəlikləri öyrənildikdən sonra aparılan incələmələrlə onların əksəriyyətində əvvəllər də tromb riskinin olduğunu söyləmək mümkündür".
Alimin fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, "AstraZeneca" barəsində dünya mediasında yayılan fikirlərdən fərqli olaraq onun həqiqətdə insanlara və pandemiya ilə mübarizəyə xeyirli təsiri dəfələrlə çoxdur: “Bu günə olan faydalı və əvəzedilməz təsirləri isə nüfuzlu elmi arenada ciddi elm adamlarına aydın olsa da dünya mediasında fərqli izah edilir. Bu da o deməkdir ki, insanlarımız mütləq olaraq elmi əsaslı xəbərlərə və elmin dediyinə inanmalıdır və dövlətimizin onlara yaratdığı şəraitdən maksimum istifadə edib "AstraZeneca" ilə də peyvəndləmədə aktiv iştirak etməlidir. Əks halda təklif edilən peyvəndləmə ilə paralel artacaq yoluxma sayları ölkədə vəziyyəti istənilməyəcək kritik tərəfə yönəldə bilər”.
Qeyd edək ki, N.Abdullayev bir neçə gün əvvəl "AstraZeneca" peyvəndi ilə bağlı yeni tədqiqatını yekunlaşdırıb və elmi tədqiqatın preprint nəticələri nüfuzlu "The Lancet" jurnalında yer alıb. Burada sözügedən vaksinin müsbət cəhətləri, onun COVID-19-un geniş yayılmasınının qarşısının alınmasında rolu, dünya mediasında yayılan problemin həlli və onun tibbi nəzarəti öz əksini tapıb.
Şəffaflıq.az
Facebook-da paylaş