Simptomsuz xəstələr COVID-19 virusunu yayır...
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVID-19-u simptomsuz keçirən xəstələrin virusu yayması barədə məlumatlara münasibət bildirib.
Həkim açıqlamasında deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmisinin xəstəliyi simptomsuz keçirən virus daşıyıcıları ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub: "ÜST rəsmisinin simptomsuz xəstələrin digər insanları yoluxdura bilmə ehtimalının az olması barədə dediyi fikirləri mətbuatda “simptomsuz xəstələr insanları virusa yoluxdurmur” kimi qələmə vermək yolverilməzdir. Bu cür xəbərlər yazanda onsuz da virusa inanmaq istəməyən bəzi insanların inamsızlığının daha da arta biləcəyini mütləq nəzərə almaq lazımdır. Ona görə də düşünürəm ki, belə məqamlarda bu sahənin elm adamları, infeksionistlər, epidemioloqlarımız və hətta Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəsmi olaraq bu kimi fikirlərə münasibət bildirməlidir.
Belədə insanlar da mövcud vəziyyətə inamını itirməsin və məsələnin doğru tərəfini anlasın".
N.Abdullayev ÜST-nin simptomsuz xəstələrlə bağlı sözügedən elmi tədqiqatıyla tanış olduğunu bildirib: "Öncə onu deyim ki, həmin tədqiqat hələ müvafiq ekspertlər tərəfindən dəyərləndirilməyib. Bu da o deməkdir ki, hələ elmi nəşrinə də icazə verilməyib və o tədqiqatda ekspertlərin rəyinə əsasən dəyişikliklər və əlavələr ola bilər. Tədqiqatın indiki vəziyyəti ilə bağlı onu deyə bilərəm ki, o tədqiqatda simptomsuz xəstələrin yoluxduruculuq qabiliyyəti ilə bağlı verilən rəqəmlərdən fərqli, daha doğrusu, onların yoluxduruculuğunun daha çox olduğu göstərilən elmi tədqiqatlarla tanışam. Həmin tədqiqatlar artıq müvafiq ekspertlər tərəfindən dəyərləndirilib və nüfuzlu jurnallarda da dərc olunub. ÜST-nin rəsmisinin bildirdiyi elmi tədqiqatın metodik olaraq peşəkar qiymətləndirilməsini isə o sahənin ölkəmizdəki elm adamlarına həvalə edirəm. Amma bir məsələni də qeyd edim ki, belə elmi tədqiqatların metodik olaraq düzgün qurulması, göründüyü kimi, sadə deyil və orada simptomsuz xəstələri sistemli olaraq müayinə etmək bəzən alınmaya və ya düzgün qiymətləndirilməyə bilər. Bu da tədqiqatın ciddiliyini aşağı salır".
Tibb elmləri doktoru vurğulayıb ki, ÜST rəsmisi müzakirələrdən sonra növbəti iclasların birində simptomsuz xəstələrin yoluxduruculuq məsələsi ilə bağlı söylədiyi fikirlərdə anlaşılmazlıq olduğunu söyləyib: "ÜST rəsmisi bildirib ki, bu istiqamətdə aparılan tədqiqatlara daxil olan xəstə qruplarının sayı kifayət qədər az olduğu üçün onlar vasitəsilə olan yoluxmalar da o tədqiqatlarda az görünüb. Sonra isə özü əlavə edib ki, bəzi tədqiqatlarda bu cür yoluxmalar hətta 40% də təşkil edir".
Şəffaflıq.az
Facebook-da paylaş