BSTA-nın Prezidenti DOST Agentliyi və ilk DOST mərkəzi ilə tanış olub - FOTO
Şəffaflıq.az
Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası, DOST layihəsinin dövlət sosial xidmətlər sektoruna gətirəcəyi innovativ yeniliklər barədə qonaqlara məlumat verib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə reallaşdırılan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərdə şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.
S.Babayev 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 "DOST" mərkəzinin yaradılacağını, bu mərkəzlərin 2,8 milyon şəxsə "bir pəncərə" prinsipi ilə 126 növdə xidmət göstərəcəyini deyib. O, "DOST" mərkəzlərində xidmət göstərilməsi qaydaları, işçi kontingenti, "GƏNC DOST" könüllülər proqramı və s. barədə də məlumat verib.
Y.Bröyer DOST Agentliyində və ilk "DOST" mərkəzi ilə bağlı müsbət təəssüratlara malik olduğunu, Azərbaycanın DOST layihəsinin uğurlu bir yenilik, təkmil bir təcrübə olduğunu vurğulayıb. O, BSTA-nın belə səmərəli və inkişafyönümlü layihələri dəstəklədiyini, bu kimi uğurlu praktikaların təbliğində maraqlı olduğunu qeyd edib.
Daha sonra DOST Agentliyində keçirilən görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı və əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verilib. S.Babayev sosial təminat sahəsində aparılan islahatlar kontekstində BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini deyib. O, istehsalatla əlaqəli bədbəxt hadisələrin qarşısının alınması və əlilliyi olan şəxslərə göstərilən reabilitasiya (o cümlədən, sosial reabilitasiya) xidmətlərinin təkmilləşdirilməsi sahəsində Almaniya təcrübəsindən faydalanma imkanının yaradılmasında Y.Bröyer tərəfindən göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Y.Bröyer nazirliyin BSTA ilə fəal əməkdaşlığından və BSTA-nın Avropa Regional Sosial Təminat Forumunun ölkəmizdə yüksək səviyyədə təşkil edilməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində aparılan geniş miqyaslı islahatlarla bağlı müsbət fikirlərini bölüşüb.
Görüşdə praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Şəffaflıq.az
Facebook-da paylaş