20 nömrəli məktəb-liseyin şagird və müəllimlərinin bir qrupu “ADA” Universitetində olublar
A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagird və müəllimlərinin bir qrupu Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “ADA” Universitetində olublar.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbir gənc nəslin öz karyerasını düzgün müəyyən etməsində dəqiq peşə və ixtisas seçiminin vacibliyinin təbliği məqsədilə təşkil olunub.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbir gənc nəslin öz karyerasını düzgün müəyyən etməsində dəqiq peşə və ixtisas seçiminin vacibliyinin təbliği məqsədilə təşkil olunub.
Məktəblilərlə görüşdə “ADA” Universitetinin bakalavr proqramları üzrə biznes fakültəsinin kuratoru Elşad Göyüşov bu ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən təhsil ocağı yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi müəyyən edib. Universitetdə idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu ali təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri barədə məlumatlar kompüterlərə ötürülür. Burada təhsil alan gənclər auditoriyalara tələbə kartları vasitəsilə daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya var. Bu auditoriyaların xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları “smart-board” sistemi ilə “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə tələbələrin kompüterlərinə ötürülür. Nəticədə tələbələr müəllimlərin qeydlərini birbaşa öz kompüterlərində görə bilirlər.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan “ADA” Universitetində ingilis dilində 500 mindən artıq elektron kitabdan istifadə edilir.
Sonra şagirdlər Universitetin tələbə mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və videoçəkilişlərin aparılmasına imkan verən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar var.
Görüşün sonunda şagirdlərin sualları cavablandırılıb.
Facebook-da paylaş