“Sığorta haqqları bahalaşacaq, sığorta şirkətləri zərərlə işləyir”
2019-cu ilin yanvar-may aylarında isə 2018-ci ilin müvafiq dövrünə nisbətən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının 1,3 faiz, ödənişli xidmətlərin qiymətləri isə 3,4 faiz artıb. 2020-ci ilin ilk 6 ayında Azərbaycanda istehlak qiymətləri 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 3 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları isə 5,5 faiz bahalanıb.
Tarif Şurası benzinin baha qiymətini artırmaqla bağlı qərar qəbul edəndən (4 yanvar 2021) sonra da qiymət artımı müşahidə olunmaqdadır. Hesablamalara görə, donmuş ərzaq məhsullarında orta hesabla 15 faiz, ərzaq məhsullarında 10 faiz, qeyri-ərzaq məhsullarında isə 20 faiz artım olub.
Müxtəlif məhsullarda və xidmətlərdə qiymət artımının müşahidə olunduğu zamanda sığorta məhsullarında qiymət dəyişikliyi məsələsi müzakirə olunur. Sığorta və sığorta əməliyyatları ƏDV-dən azaddır. Sığorta məhsulları bahalaşa bilərmi?
Sığorta eksperti İlkin İbrahimov bildirib ki, icbari sığorta haqqları üzrə tariflər dəyişməyə labüddür.
“Qiymət artımları ölkə ərazisini əhatə etdiyindən sığorta məhsullarında qiymət artımını labüd edir. İcbari sığorta ilə bağlı sığorta haqqlarının tariflərini Nazirlər Kabineti və maliyyə bazarlarına nəzarət edən Mərkəzi Bank müəyyən edir. Bu tariflər isə sonuncu dəfə 2013-cü ildə müəyyən olunub. Ötən 7 il ərzində həm devalvasiya olub, həm də müxtəlif məhsullarda yüksək həddə qiymət artımları olub. Buna baxmayaraq icbari sığorta növlərinin heç birində sığorta haqqlarının məbləği artmayıb”,-deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, son zamanlar sığorta ödənişlərində problemlər olur: “Belə ki sığorta ödənişləri zərərçəkənə tam ödənilmir.
Sığorta haqqları ucuz olduğuna görə sığorta ödənişləri də kəsirlə verilir. Tikinti materiallarında və avtomobil ehtiyat hissələrində qiymət artımları sığorta ödənişlərinə təsir edir. Sığorta ödənişləri sığorta haqqlarından toplandığı üçün sığorta şirkətləri zərərlə işləyirlər. Ona görə də könüllü sığorta haqqları avtomatik olaraq qalxacaq”.
Şəffaflıq.az
Facebook-da paylaş