Səfir: “Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır”
“Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyir”.
Şəffaflıq.az "Report"-a istinadən məlumat verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross bildirib.
Onun sözlərinə görə, Azərbaycan kimi, Fransa da dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar birlikdə yaşayırlar: “Azərbaycan kimi, Fransa da biomüxtəlifliyin qorunub saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir.
Bütün mövzular üzrə 2021-ci ildə də Azərbaycanın səsinin açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Çünki ölkənizin qaz və neft istehsalçısı ölkəsi kimi öhdəliyi var, Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə cavabdehsiniz, çünki ölkəniz hazırda Qoşulmama Hərəkatına sədrlik edir”.
Z.Qross deyib ki, iki ölkənin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var: “Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransanın yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət başçıları sırasında idi. Bu yaxınlarda 600 azərbaycanlı tələbəni bakalavrdan magistr dərəcəsinə qədər hazırlayan Fransa-Azərbaycan Universiteti (UFAZ) və eyni zamanda Ağ Şəhərin mərkəzində hamı üçün açıq, dinamik və müasir olan və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirdik. Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Bu gün hələ də şübhə edənlər sabah dialoq və əməkdaşlığı yeniləyə bildikləri üçün siyasi liderlərimizə təşəkkür edəcəklər. Arzuladığım fəallaşma təkcə iki ölkələrimiz üçün deyil, həmçinin Avropa və Qafqaz, hər kəs üçün vacibdir. 1957-ci ildən etibarən Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur, çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən Fransanın Azərbaycandakı səfiri kimi ən əziz istəklərimdən biri də yeni əməkdaşlıq razılaşma ilə Avropa İttifaqı ilə Azərbaycan öz tərəfdaşlıqlarını yeniləsin və möhkəmləndirsin”.
“9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə qurmağa imkan verməlidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan, humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı, bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq. Ancaq yenə də iddialı olmalıyıq. Bu gün De Qol və Adenauerın Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycan ilə Ermənistan arasında bir barışığa nail olmalıyıq”.
Facebook-da paylaş