43 yaşlı baş redaktor: “Heç bir məmur işini mediaya dəyişmərəm” - MÜSAHİBƏ

 Bu gün  “Türküstan” qəzetinin və turkustan.info saytının baş redaktoru Aqil Camalın doğum günüdür. Onun 43 yaşı tamam olur.
 Şəffaflıq.az xəbər verir ki, Aqil Camal ad günündə Modern.az-ın suallarını cavablandırıb və təəssüratlarını bölüşüb.
 - Doğum gününüzü dostlarla qeyd edəcəksiniz, ya iş kollektivinizlə?
 - Doğmalarla tez-tez görüşmək imkanım çox azdır. Ona görə də bayram və ad günlərimizi fürsət kimi dəyərləndirərək bir yerə toplaşırıq. Bu gün də həmin ənənəyə uyğun olacaq.
 - Həmkarlarınızdan təbriklər aldınızmı? Ən yaddaqalan, fərqli təbrik hansı jurnalist həmkarınızdan gəldi?
 - Hazırda kommunikasiya imkanları o qədər genişdir ki, belə özəl günlərdə sanki təbrik seli ilə qarşılaşırsan. Yəqin ki, hər kəsdə belədir. Ona görə də, bu gün ən müxtəlif vasitələrlə çoxsaylı təbriklər aldım. Hər biri dəyərli olduğu üçün fərqləndirmək istəməzdim. Ümumən isə düşünürəm ki, istər bayram günlərində, istərsə insanların özəl günlərində təbriklər şablondan uzaq olmalıdır. Bir insan haqqında demək istədiyin söz, fikir varsa, onu həmin gün deyə bilərsən.
 - Rəhbərlik etdiyiniz sayt və qəzet türkçülüyü öndə tutur. Bu ideologiya sizin üçün nəyi ifadə edir?
 - Yeniyetməlik yaşlarımdan milli kimlik duyğuları mənimlə birgə olub. Və son nəfəsimədək də ən ali duyğum olacaq. Eyni zamanda, qəti fikrimdir ki, ölkəmizin, millətimizin gələcəyi, uğuru, torpaqlarımızın işğaldan azad olunması, Kəlbəcərdəki ata evimə yenidən qovuşmağımın tək yolu bölgədə böyük gücə çevrilməyimizdən keçir. Bunun üçün özümüzü birinci 50 milyonluq Azərbaycan xalqı və böyük coğrafiyanı əhatə edən Türk Dünyasının bir parçası kimi hiss etməliyik. Bu yaxınlarda Paşinyanın İrandakı hoqqabazlığına Güney Azərbaycanda verilən layiqli cavab bir daha göstərdi ki, nicatımız böyük birliyimizdədir. Bu baxımdan, həm özüm bir mediaçı, ictimai fəal olaraq həm də saytımız, qəzetimiz bu ideyaları əsas tutaraq fəaliyyət göstərir.  
 - Jurnalistika sizin üçün nə deməkdir?
 - Media fəaliyyəti mənim hər şeydir. Hüdudsuz məkandır, özümüifadə meydanıdır, dostlarımın olduğu cameədir, zövq aldığım işdir. Heç bir məmur işini media işinə dəyişmərəm.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}