“Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil” - Hulusi Akar


 

“Dağlıq Qarabağda münaqişənin ədalətli həllini illərlə tapa bilməyən ölkələr tərəfindən atəşin dayandırılması ilə bağlı çağırışlar səmimi deyil və inamdan uzaqdır”.

Şəffaflıq.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə cümə günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya və Fransa) prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsi zonasında atəşkəs barədə çağırışını şərh edərkən bildirib.

Türkiyənin Milli Müdafiə naziri xatırladıb ki, Azərbaycan ərazisinin 20 faizinin işğalı 30 ildir davam edir. Bir milyondan artıq qaçqın və məcburi köçkün hələ də öz doğma evlərinə qayıtmasını gözləyir.

Erməni işğalı dövründə Azərbaycanın 20 min sakini qətlə yetirilib, beş min nəfərin aqibəti məlum deyil. “Xocalı qətliamı yaddaşımızda öz yerini qorumaqdadır”, - deyə Akar bildirib.

“Azərbaycanın bütün səylərinə və beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həllini tapmayıb.

Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirərək beynəlxalq hüquq normalarına məhəl qoymayıb. Eyni zamanda, bir sıra ölkələr “mənə toxunmayan ilan min il yaşasın” prinsipi ilə hərəkət edirlər və bununla da Yerevanın cinayətlərinə etinasızlıq göstərirlər. ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının azad edilməsi üçün heç bir addım atmayıb. Əksinə, vasitəçilər Azərbaycanı torpaqlarının işğalı fikrinə alışmağa məcbur etməyə, status-kvonu baş vermiş fakt etməyə çalışıblar. Bütün bunlar Yerevanın əl-qolunu açıb, yeni təxribatlar və gərginlik üçün şərait yaradıb”, - deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə doğma torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizədə qardaş Azərbaycanı sonadək dəstəkləyəcək.

Akarın sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları fonunda Yerevan yenidən dünya ictimaiyyətinə yalan məlumat vermək üçün köhnə taktikaya əl atıb. “Ermənistanda Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Türkiyə hərbi aviasiyasının iştirak etdiyini bildiriblər. Bu qara təbliğat Cənubi Qafqaz reallıqlarını təhrif etmək məqsədi daşıyır”, - deyə nazir bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}