Koronavirus əbədi olaraq iş yerlərini dəyişdirə bilər: ofis dönəmi bitir?

 

“Koronavirusla əlaqədar sosial məsafənin saxlandığı bir dünyada bir çox ofis işçisi artıq neçə həftədir, iş yerlərini görmür. Lakin karantin tədbirlərinin zəifləməsi nəticəsində onlar geri döndükdə iş masalarının azaldığının şahidi olacaqlar. Pandemiyanın doğurduğu iqtisadi böhrandan dolayı böyük şirkət rəhbərləri məsrəflərə qənaət siyasətinə elə icarəyə götürdükləri bahalı ofis məkanlarından qurtulmaqla başlaya bilərlər”.

Şəffaflıq.az xəbər verir ki, mövzu ilə bağlı “Financial Times” qəzetində çıxan maraqlı yazı bu cümlə ilə başlayır.

“Artıq 7000 adamın birlikdə eyni binada yerləşdirilməsi keçmişdə qala bilər”, - deyə “Barclays” bankından Ces Steyli bildirir.

“Belə getsə biz bütün dünyaya səpələnən ofislərin bir çoxundan imtina etməli olacağıq”, - deyə “Mondelez” (transmilli qida şirkəti) firmasından Dirk van de Put söyləyib. “UBS” (İsveçrə, maliyyə xidmətləri-red.) korporasiyasından Sercio Emerettinin sözlərinə görə, onlar artıq əsas iş yerini mərkəzdən kənar və daha kiçik binalara köçürməyi planlayırlar.

“PwC” araşdırma şirkətinin keçirdiyi sorğu böyük firmaların maliyyə direktorlarının daşınmaz əmlaklarının həcmini azaltmaq barədə plan tərtib etdiklərini ortaya çıxarıb. İri şirkətlərə yeni binaların tapılması işində xidmət göstərən “Site Selectors Guild” firması böhran başlayandan bu yana ABŞ-da ofis axtarışı işinin yarıbayarı azaldğını xəbər edib.

ABŞ-ın iri mühasibat firmalarından “BDO”nun rəhbərlərindən Tom Stringer artıq bir çox işçiləri daha ucuz hesab olunan bek-ofislərə (əsas idarələrə yardım edən işçilərin oturduqları yer-red.) köçürdüklərini bildirir.

Üstəlik böyük korporasiya rəhbərləri də əvvəlki kimi iş yerləri üçün darıxmırlar. “Son 6 həftədə istifadə etdiyimiz texnologiyalar sayəsində mən 20 min əməkdaşla əlaqə yarada bilmişəm. Halbuki keçmiş vaxtda bunun üçün mənə 6 ay lazım idi”,-deyə kənd təsərrüfatı sahəsində ixtisaslaşan “Corteva” şirkətinin direktoru Cim Kollinz qəzetə danışıb.

“İnfosys” İT-konsaltinq firmasından Sesil Pareh isə öz evindən videokonfrans təşkil edərək insanları daha asanlıqla gördüyünü söyləyib.
Hətta “S4Capital” kimi reklam dünyasının böyük qurumlarından birinin 75 yaşlı şefi ser Martin Sorrel belə evdən çalışmağın onun üçün daha rahat olduğunu bəyan edir. “İldə mən binaların kirayəsinə görə 35 milyon funt-sterlinq pul xərcləyirəm.  Həmin məbləği bahalı ofislərə ayırmaqdansa insanlara kapital qoyardım”,-deyə o bildirir.

Hər bir halda bu cür xəbərlər kommersiya xarakterli daşınmaz əmlak şirkətləri üçün təşvişdoğurucu hesab olunmalıdır. Onlar indidən uzaq məsafədən idarə olunan işin keyfiyyətsiz olduğunu dilə gətirirlər.

“Əksəriyyət artıq evdən çalışmağın nə dərəcədə qeyri-effektiv olduğunun şahidinə çevrilib. Ofis məkanları insanlarda qarşılıqlı fikir mübadiləsinin gerçəkləşdirildiyi və bununla da istehsalatın, beyin fırtınasının həyata keçirildiyi bir mühit doğurur”, - deyə “Empire Realty Trust” firmasındn Tomas Dürels qəzetə danışıb.

Daşınmaz əmlak üzrə konsaltinq işini həyata keçirən “Vestian” firmasının rəhbəri Maykl Silver bundan sonra icarədarların müqaviləni yenidən gözdən keçirmək məcburiyyətində qalaraq , icarə haqlarını düşürəcəyi proqnozunu verib.

Bu məsələ ən çox göydələnlərin sahiblərini narahat edir. “5500 adamı şaquli xətt üzrə yerləşdirmək indiki sərt qaydalarda mümkün görünmür”,-deyə Londonda “Cheesegrater” qülləsini işlədən “CC Land” firmasının rəhbəri Adam Bolduin vəziyyətdən şikayətlənib.

Hətta binaların dizaynını quran şirkət və memarlar da öz ideyalarını yeni tələblərə görə qurmağı fikirləşirlər. Nyu-Yorkda yerləşən “FX Collaborative” adlı memarlıq şirkətindən Den Kaplan Pekində Zaha Hadid tərəfindən layihəsi verilən, sosial məsafənin qorunduğu “Wanjing Soho” kpmlleksinin təcrübəsini öyrəndiklərini vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}