Bəxt açmaq, ev yıxmaq, özünə aşiq etdirmək – Falçılardan bahalı xidmətlər

 

Orta əsrlərdə onların adına cadugər deyib tonqallarda yandırardılar. Söhbət falçılardan, baxıcılardan gedir. İndi adlarını modernləşdirib ekstrasens, medium, öngörücü qoyaraq fəaliyyət göstərirlər.


Əvvəllər falçılığa, fala baxdırmağa bir az ayıb, bir az sıxılaraq baxanlar indi bunu prestij hesab etməyə başlayıblar. Səbəb də baxışların dəyişməsidir və bunda sosial medianın, ümumiyyətlə, telekanalların rolu böyükdü. Pul verib ekran satın alanlar, özlərini reklam edənlər peşəsindən, sənətini bilmək səviyyəsindən asılı olmayaraq gözlərimizi qabar eləməyə başlayandan falçılar da bu trendə qoşuldular, “qonşudan qalma dala” deyib marafonun ön sıralarında yer aldılar.

İllər öncə bazarlarda corab satanların qışqıraraq müştəri səslədikləri bir ifadə vardı. “Ay qoyma, qalmadı, bu corabdan Sibel Can da geyinir”...

İndiki mediumların da müştəri toplamaq qaydası onu andırır. Filan məşhur, filan məmur mənim müştərimdir deyib sadə insanları şirnikləndirirlər.

Dediklərindən belə çıxır ki, hansısa nazirin vəzifəyə gətirilmə səbəbkarı da odur, kiminsə süd gölündə üzmə səbəbkarı da. Sosial şəbəkələrin demək olar ki, hamısında reklamları gedir, hər dəqiqəbaşı qarşına çıxırlar. Bir ilə bircə dəfə maraqlansan, dayanmadan şəbəkə sənə falçıları, mediumları təqdim edir.

Maraq üçün bir neçəsinə eyni anda yazmışam. Hamısının cavabı eyni olub. Bəxtin bağlıdır, amma səni gözəl günlər gözləyə bilər, online xidmət də göstəririəm, pul göndər açım. “Xidmət haqqı nə qədərdir?” desəniz, sadəcə baxmaq üçün 20 manat, bəxt açdırmaq, kiminsə yuvasını yıxmaq, özünə aşiq etdirmək və s. sonu bilinməyən arzuların reallaşması üçün 200 manat. “Niyə bahadır?”deyəndə deyirlər ki, istifadə etdikləri material bahadır. Maral buynuzu, qurd yağı, pişik tükü  - daha nələr, nələr...

Maraqlıdır ki, bir zamanlar tanınmış jurnalist olan bir xanım indi özünü qara cadugər adlandıraraq peşəsini buraxıb falçılığa başlayıb. Deyir, qazancım boldur, dəli deyiləm ki, aylıq maaşa işləyim. Fala ehtiyacı olan çox, insanlar yeməyindən kəsər, amma arzusundan kəsməz. Biz insanlara arzu satırıq. Zorla deyil, istəyən gəlir.

Maraqlıdır ki, bu trend yalnız Azərbaycanda deyil, bütün dünyada ayaq alıb. Rusiya telekanallarının demək olar ki, əksəriyyətində telefonla medium xidmətləri göstərən teleproqramlar təqdim olunur, qardaş Türkiyədə də həmçinin.

Falçıların da növləri var. Ağ magiyası, qara magiyası. Hətta dindarlar arasında Quranla istixarə edən, müxtəlif dualar yazaraq bəxt açan, ruzi-bərəkət verən. Mollalar digər falçılardan fərqli olaraq deyirlər ki, biz Allahdan istəyirik, dua vəsilədir. Cadugərlərin bir çoxu isə yazdıqları ritualların baha olma səbəbini şeytanla əməkdaşlığın ağır bir iş olması ilə izah edirlər.

İnanmaq və ya inanmamaq hər kəsin öz seçiminə qalmış bir anlayışdır. Kainata göndərilən dalğalar, enerji itmir, bir şəkildə geri qayıdır. Odur ki, gözəl arzular diləmək lazımdır. Və əgər bu arzu insanın həyatına zərbə vurmayacaqsa, Allahın onu verəcəyinə mütləq inanıram. Bu dediklərim bəlkə də boş söz kimi görünə bilər. Lakin bu günlərdə aparılmış bir elmi təcrübə kainata göndərilən enerjinin, sevginin, duaların cavabsız qalmadığını deməyə əsas verib. Almaniyada belə bir təcrübə aparılıb.

Yeni yumurtadan çıxmış cücəni hərəkət edən balaca bir robotun yanına qoyublar. Robot xaotik hərəkətlərlə saatlarla masanın üzərində gəzişib, cücə də instinktiv olaraq onu təqib edib. Sonra cücəni həmin masanın üzərində quraşdırılmış şüşə qəfəsə salıblar və robotu yenə hərəkət etdiriblər. Cücə özünə ana bildiyi robotu dayanmadan qoyulduğu şüşə qəfəsdən səsləyib və maraqlıdır ki, heç bir duyğusu, şüuru olmayan robot daha masa üzərində xaotik hərəkət etməyərək yalnız qəfəsin qarşısında gəzinib. Cücənin çağırışlarına cavab verib. Kvant fizikləri bunu səmaya buraxılan enerji ilə əlaqələndiriblər. Bir cücənin səsinə robot cavabsız qalmırsa, bir insanın düşüncələrinə Allah cavabsız qalarmı?...


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}