İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində


 

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər.

Məlumat verilib ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb.

Birinci vitse-prezident Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.

Qeyd edək ki, yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bu istiqamətdə atılan addımlar Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun həyata keçirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılan vaxtdan bu günədək keçən 7 il ərzində 18 yeni gəmi istismara verilib. Son bir ilin pandemiya şəraitində keçdiyini nəzərə alsaq, dövlətimizin başçısının davamlı inkişafa yönələn iqtisadi strategiyasının miqyası daha aydın nəzərə çarpar.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci vitse-prezident “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.

Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

Xatırladaq ki, bu gəmilərin hazırlanması əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətindən əldə etdiyi mənfəət hesabına maliyyələşir. Bununla da yerli bazara sərmayə yatırılmaqla, səhmdarı dövlət olan müəssisə kimi Azərbaycanda yerli gəmi tikintisi sənayesinin inkişafına və yeni iş yerlərinin yaranmasına töhfə verilir.

“Ro-Pax” tipli gəmilərin uzunluğu təxminən 155 metr, eni 18 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 13 bərə və 6 Ro-Ro tipli gəmilər həyata keçirir. Onların hamısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına məxsusdur və QSC bu gün Xəzərdə yeganə bərə operatorudur. Beləliklə, “Ro-Pax” tipli gəmi-bərələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcəyi, Azərbaycanın coğrafi mövqeyindən və tranzit potensialından daha səmərəli istifadəyə xidmət edəcəyi proqnozlaşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}