ÜST Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə "PROACT-Qayğı" layihəsinə başlayıb.-fotolar/VİDEO

 Bu gün "PROACT-Qayğı" layihəsinin əsas tərəfdaşlarının bir yerə toplaşdığı açılış tədbiri ilə Şamaxı rayonunda layihənin icrasına başlanılıb.


Şəffaflıq.az xəbər verir ki, layihə COVİD-19 konteksində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin, layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər. 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Böyük Britaniyanın UKAİD, Rumıniyanın RoAid təşkilatları və Universal Səhiyyə Əhatəsi Təşəbbüsü (ÜST-nın tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. ÜST-nın Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNİCEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.

Tədbirdə layihə tərəfdaşları adından ÜST-nın Azərbaycandakı Nümayəndəsi Dr Hande Harmancı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, USAİD-in Azərbaycan üzrə missiyasının direktoru Dr. Caydev Sinqx, UNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Min Yuan və yerli əhali adından rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov çıxış edərək layihənin Şamaxı rayonu və digər yerlərdə ilkin səhiyyənin təkmilləşdirilməsi sahəsində yaradacağı qalıcı təsirindən danışıb.

Tədbir iştirakçıları cari ilin 04 fevralından etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzini də ziyarət edib. ÜST-nın texniki dəstəyi ilə UNİCEF tərəfindən həyata keçirilən "PROACT-Təlim" layihəsi çərçivəsində yaradılan mərkəz 15 maya qədər fəaliyyət göstərərək Şamaxı və ətraf rayonlardan olan 400-ə qədər tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVİD-19-a cavab tədbirləri sahəsində təlim keçəcək. Təlim mərkəzi daha sonra Şamaxı Mərkəzi Rayon Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.

"PROACT-Qayğı" layihəsinin tərəfdaşları həmçinin Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə baş çəkib. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onlarla ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə edib.


Sevindirici haldır ki, belə bir möhtəşəm tədbir Azərbaycanda ilk dəfə olaraq Şamaxı rayonunda keçirilir və hal-hazırda həmin tədbir davam etməkdədir. Bundan əlavə, xüsusi vurğulanmışdır ki, bu layihə çərçivəsində Şamaxı rayonunun bütün kəndlərində tədbirlər keçiriləcəkdir.  


Hazırladı: Yanoş Məhərrəmov
Şəffaflıq.az



   

  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}