Qarabağ müharibəsi dünyanı silkələyir: Böyük Britaniya hərbi büdcəsini 20 milyard dollar artırır


 

Avropa Birliyi ölkələri də Azərbaycanla vuruşsaydı Ermənistanın gününə düşərdi

 
Azərbaycan Ordusunun erməni işğalı altında olan torpaqları geri almaq üçün apardığı müharibədə istifadə etdiyi yeni vasitələr dünyanın diqqət mərkəzindədir. Elə bu günlərdə “Breaking Defense” yazmışdı ki, ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşında düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başlayıb. Azərbaycan Ordusunun Qarabağda kəşfiyyat və zərbə üçün istifadə etdiyi pilotsuz aparatlarının ənənəvi vasitələrlə, o cümlədən, tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqində müəyyən yeniliklər etməsi diqqət çəkir və bu təcrübəni öyrənməkdə fayda var. 

Aydın görünən odur ki, hərbi sahə üzrə beynəlxalq səviyyəli mütəxəssislər ölkəmizin əldə etdiyi möhtəşəm qələbənin səbəbləri barədə daha çox yazırlar. Bu gün belə yazılardan biri haqqında söhbət açacağıq. 1913-cü ildən dövriyyədə olan “The New Statesman” həftəlik nəşri Böyük Britaniyanın nüfuzlu media orqanları sırasındadır. Qəzet yazır ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Müdafiə Nazirliyinə əlavə 16 milyard funt sterlinq (20 milyard dollardan çox edir) əlavə vəsait ayıracağı haqqında anons verib. Müasir müharibəyə hazır olmaq üçün demokratik bir cəmiyyət heç vaxt bu qədər vəsait ayırmayıb. 

Məqalədə qeyd olunur ki, Böyük Britaniyanın müdafiəyə bu qədər əlavə vəsait ayırması Dağlıq Qarabağda baş vermiş müharibənin nəticəsindən qaynaqlanır.

 

Qəzet bildirir ki, keçmiş Sovet məkanında 1971-ci ildən Rusiyada (SSRİ) istehsal olunan T-72 tankı hələ də ən etibarlı silah kimi xüsusi önəm daşıyır. Qarabağda altı həftəlik müharibə zamanı Azərbaycan dronları və artilleriyası tərəfindən ermənilərə məxsus 185 ədəd T-72 tankı məhv edildi. 


Britaniya mətbuatının yazdığına onu da əlavə edək ki, üstəlik, nə qədər də erməni tankı hərbi qənimət kimi ələ keçirilib. Onların Bakıda keçiriləcək qələbə paradında nümayiş etdiriləcəyi gözlənilir. 

“Türkiyə və İsraildə istehsal olunmuş dronlar Azərbaycana təkcə erməni tank birləşmələrini məhv etməyə imkan vermədi, həm də erməni artilleriyasının önəmli bir hissəsini, hava raket sistemlərini, təchizat karvanlarını sıradan çıxarmağa kömək etdi. Erməni Ordusu ruhən ölüb, Rusiya vasitəsi ilə əldə olunmuş atəşkəsin şərtlərinə görə ermənilərin nəzarətində olmuş ərazilər Azərbaycana geri veriləcək”. 


Qəzet onu da vurğulayır ki, T-72 tankı əsas silah kimi son 40 ildə hərb meydanında öndə olub. 


Kiçik bir haşiyə çıxaraq qeyd edək ki, Azərbaycan torpaqlarının işğalında da T-72 tankı xüsusi rol oynayıb. Erməni hərbi birləşmələri keçmiş SSRİ-yə məxsus hərbi hissələrdən ələ keçirdikləri tanklardan istifadə edərək, quş tüfənginin ümidinə qalan azərbaycanlılara hücum edirdilər. Həmin vaxt erməni işğalçılarının tərkibində olan erməni əsilli ABŞ vətəndaşı, terrorçu Monte Melkonyan da vardı. ASALA terror təşkilatında önəmli mövqeyi olan bu terrorçu noyabrın 25-də Azərbaycana geri qaytarılmış Kəlbəcər rayonunun da işğalında iştirak etmişdi. O da maraqlıdır ki, Monte Melkonyan T-72 tanklarına xüsusi simpatiyası ilə seçilirdi. O deyirdi ki, Qarabağ müharibəsində qələbənin əldə olunması T-72 tanklarının sayına bağlıdır. Hərbi qənimət kimi ələ keçirilmiş hər bir tankı şəxsən özü nəzərdən keçirir və onun saz vəziyyətdə döyüş meydanına çıxarılmasını təmin edirmiş. Çünki o vaxt həmin tankların qabağını ala biləcək heç bir silah növü Azərbaycan Ordusunun arsenalında yox idi.

 

“The New Statesman” yazır ki, Böyük Britaniyanın nüvə silahı, sualtı qayıqları var, ən müasir silahlara sahibdir. Buna baxmayaraq, Qarabağ müharibəsinin nəticəsi Böyük Britaniyanın Baş naziri Boris Consonun Müdafiə Nazirliyinə əlavə 16 milyard funt sterlinq ayırmağa vadar etdi. Elə digər ölkələr də ortadakı nəticəni nəzərə almaq zorunda qaldılar. Avropa Şurasının Xarici Əlaqələr şöbəsi bildirir ki, Avropa Birliyinin üzvü olan ölkələr, xüsusən kiçik və orta səviyyəli ölkələr müasir vasitələrlə həyata keçirilən müharibə ilə üzləşsə (Azərbaycan misalında) onların aqibəti Ermənistandan o qədər də fərqli olmayacaq.

Qəzet bildirir ki, T-72 tankların modernləşmiş variantı anti-tank silahlarına qarşı duruş gətirməsi mümkündür, ancaq bu tanklar dronların hücumu qarşısında tamamilə gücsüzdür. 


Britaniya nəşri bildirir ki, Britaniya ordusu Qarabağda nümayiş etdirilmiş hərbi manevrləri nəzərə alaraq, öz ordusunda müvafiq dəyişikliklər edəcək.

Gördüyünüz kimi, Azərbaycanın Qarabağın azadlığı üçün apardığı müharibə dünyanın hərbi mənzərəsini dəyişir. Bütün ölkələr, hətta ABŞ, Çin, Hindistan, Rusiya kimi nəhəng ölkələr də Qarabağ təcrübəsini nəzərə almağı lazım bilir. Avropa Birliyinə daxil olan ölkələrin də hərəkətə keçməli olduğu açıq şəkildə vurğulanır. Yunanıstanın da etirafı maraqlıdır: Biz Türkiyə ilə müharibəyə başlasaq Ermənistandan da pis günə qalarıq.

 

Sirr deyil ki, Türkiyə və İsrail istehsalı olan dronlardan geniş istifadə olunması ölkəmizin düşmən üzərində dominant mövqe əldə etməsinə səbəb olub. Özü də Azərbaycan Ermənistana qarşı ilk dəfə deyil ki, dronlardan istifadə edir. 2016-cl ilin aprel döyüşləri zamanı da biz dronlardan uğurla yararlandıq. O vaxt ABŞ mediası yazırdı ki, Azərbaycan ermənilərə qarşı İsrail istehsalı olan “Harop”-dan istifadə edib. Dronlar isə 2011-ci ildən etibarən Azərbaycan Ordusunun arsenalında özünə yer alıb. O vaxt cəmi bir neçə ölkənin dron silahı vardı. 2000-ci ilin əvvəllərində ABŞ-ın terrorla mübarizə zamanı dronlardan istifadə etməsi dünyada bu silaha olan marağı artırdı.

O da bəllidir ki, İdlibdə həyata keçirilən “Bahar qalxanı” hərəkatında Türkiyə Silahlı Qüvvələri ilk dəfə PUA və onların sürü halında istifadəsini tətbiq etdi. Döyüş zamanı havaya eyni anda onlarla “kamikadze dron” qaldırılıb Bəşər Əsədə bağlı qüvvələrinin bazalarına, silah-sursat anbarlarına zərbə vurdu. 


Zenit-raket kompleksləri (ZRK), o cümlədən, Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksini dron zərbəsindən sonra yararsız metal parçasına çevrilməsini əks etdirən kadrlar bütün dünyanı dolaşır. Nəticədə müasir və perspektivli hava hücumu vasitələri Rusiya istehsalı olan silahların beynəlxalq nüfuzunu heçə endirməkdədir.

Önəmli olanı odur ki, Azərbaycan sadəcə olaraq, Türkiyə və İsraildən dron silahları almadı, həm də həmin dronların ölkəmizdə istehsalını təmin etdi. Bəllidir ki, artıq Azərbaycan şirkətləri “dron sürüsü” istehsalına nail olub.

 

Bəzi mənbələr qeyd edir ki, Azərbaycanı İsraildən 8 fərqli dron növü alıb. Bunlara “Aerostar”, “Orbiter 1K” və “Aeronavtika Orbiter 3” dronları daxildir. Türkiyənin “Bayraktar” dronları isə Qarabağ savaşında dastan yazdı. Rusiyanın Ermənistana ötürdüyü ən müasir silahlar da Azərbaycan dronlarının hücumunun qarşısını ala bilmədi. Dronları vurmaq üçün müxtəlif sistemlər mövcud olsa da, Ermənistan bu sistemlərə hələ ki, sahib deyil. Ancaq texnologiya sahəsində inqilabi dəyişikliklər gedir. 


Hazırda Azərbaycandakı dronlar T-72 tipli tankları asanlıqla sıradan çıxarır. Gələcəkdə hansı silahlar müharibə meydanında qələbəni təmin edəcək? Fikrimizcə Azərbaycan Silahlı Qüvvələri gələcəkdə baş verməsi ehtimal olunan bu kimi hallara yerindəcə cavab verə biləcəkdir. 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}