Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib
Şəffaflıq.az xəbər verir ki, noyabrın 23-də Ucar rayonunun Bərgüşad kəndində evlərin sənədlərinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev, Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev mənzil verilən şəhid ailələri və Qarabağ müharibəsi əlillərini təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, bu günlərdə Azərbaycan xalqı sevincli günlərini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı qısa vaxtda - 44 gün ərzində işğaldan azad edərək şanlı qəhrəmanlıq tarixini yazdı. Vəhşi düşmən qovuldu, şəhidlərimizin qanı yerdə qalmadı və indi onların ruhu sevinir.
Nazirliyin aparat rəhbəri Fuad Musayev çıxışında, habelə mətbuat nümayəndələrinə müsahibəsində bildirib ki, ölkəmiz güclü orduya sahib olduğu kimi, həm də güclü sosial siyasətə malikdir. Azərbaycanda qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident İlham Əliyevin yüksək qayğısının nəticəsi olaraq, şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işlər aparacaq.
Tədbirdə evlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində Böyük Qələbədən keçirdikləri sevinc, fərəh hisslərini bölüşüblər. Bu tarixi zəfəri xalqımıza bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə, dəmir yumruğa çevrilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar.
Bərgüşad kəndindən yeni ev alan II qrup Qarabağ müharibəsi əlili Mirəli Hüseyinov öz sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib: “1993-cü ildə Füzulidə yaralanmışam. 3 övlad atasıyam. Evimiz çox köhnə idi. İndi həyətimizdə bizə üç otaqlı yeni ev tikiblər. Bütün ailəmiz adından Prezidentimiz, Müzəffər Ali Baş Komandamız İlham Əliyevə minnətdaram. Bu günlər Prezidentimiz bizə ikiqat sevinc yaşadır. Qarabağımız düşməndən azad edildi. O vaxt şəhid olan yoldaşlarımın qanı yerdə qalmadı”.
Qeyd edək ki, bu gün 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunan 25 fərdi yaşayış evinin 10-u Ucarda, 5-i Şəmkirdə, 6-sı Saatlıda, 4-ü isə Lerikdə yerləşir.AZƏRTAC
Facebook-da paylaş