Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlandı


 

2021-ci il üçün fəsillərin Azərbaycana gəlmə vaxtları açıqlanıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, gələn il yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 13:37:00-da daxil olacaq.

Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınacaq, yəni, gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Gələn il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 07:32:00-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxy Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.

Həmin gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san. təşkil edəcək.

Gələn il payız fəsli Azərbaycana sentyabrın 22-si Bakı vaxtı ilə saat  23:21:00-da daxil olacaq. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

Gələn il qış fəsli Azərbaycana dekabrın 21-i Bakı vaxtı ilə saat 19:59:00-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. təşkil edəcək.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}