Hikmət Hacıyev : işğal bitən kimi danışıqlar da olacaq.
Şəffaflıq.az xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətindən bəhs edib.
Aparıcının Ermənistanın dövlət başçısının Azərbaycanı ittiham etməsi ilə bağlı sualına cavabında Hikmət Hacıyev deyib ki, onun ittihamları əsassızdır. Ermənistanın rəhbəri ölkəsinin məsuliyyətindən, Azərbaycan torpaqlarının işğalından danışmır. Ermənistan Dağlıq Qarabağı işğal edib və 30 ildir bu regionu işğalı altında saxlayır, bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib, Azərbaycanda İslam irsini dağıdıb. Onlar yaşayış məskənlərimizi bombalayıblar. Otuz il onlarla danışıqlar apardıq. Amma Ermənistanın təxribatları nəticəsində danışıqlar pozulub. Niyə Ermənistan qoşunları Azərbaycanın ərazisinə soxulub?! Bütün bunlara görə Ermənistan məsuliyyət daşıyır. Biz Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirik. Bu işğal bitən kimi danışıqlar da olacaq.
Hikmət Hacıyev bildirib ki, Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar və ermənilər birgə yaşayıblar. Ermənilər azərbaycanlıları oradan qovub çıxarıblar. İndi isə müqəddərat təyin etməkdən danışırlar. Azərbaycanlılar öz hüquqlarından məhrum ediliblər. Biz erməni əsilli vətəndaşlarımızın bütün hüquqlarını tanıyırıq. İşğal bitəndən, azərbaycanlı məcburi köçkünlər geri qayıdandan sonra onlar yenə də bir yerdə yaşayacaqlar.
Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı suala cavabında Prezidentin köməkçisi bildirib ki, iki ölkənin sıx əlaqələri var. Türkiyənin münaqişədə iştirakı ilə bağlı sözlər erməni tərəfinin uydurmasıdır. Türkiyə Azərbaycanı siyasi, diplomatik tərəfdən dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Biz bunu yüksək qiymətləndiririk. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim əcnəbi qüvvələrə ehtiyacımız yoxdur. Muzdluların bizim tərəfdə iştirak etməsi iddialarını rədd edirik. Belə iddiaların heç bir əsası yoxdur. Əksinə, Ermənistan Suriyadan, Livandan muzdlular gətirib onlardan istifadə edir.
Facebook-da paylaş