Fransada ictimai yerlərdə maska taxmaq məcburi olacaq
Fransada gələn həftədən etibarən qapalı tipli bütün ictimai yerlərdə maska taxmaq məcburi olacaq.
Şəffaflıq.az Fransa KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks bildirib. İndiyədək maska taxmaq yalnız ictimai nəqliyyat vasitələrində məcburi idi.
İyulun 14-də Fransa Prezidenti Emmanuel Makron koronavirus pandemiyasının qayıtması əlamətlərinin müşahidə edildiyini deyib və avqustun 1-dən ictimai yerlərdə maska taxmağın vacibliyini vurğulayıb.
“Biz bu tədbirlərin avqustun 1-dən tətbiq olunması imkanlarını müzakirə etdik. Lakin biz gecikə bilərik... Bu səbəbdən fərman gələn həftənin əvvəlində qüvvəyə minəcək”, - deyə Kasteks Senatda çıxışı zamanı məlumat verib.
COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 13 milyon 717 min 903 yoluxma və 587 min 327 ölüm faktı qeydə alınıb, virusa yoluxan 8 milyon 172 min 405 nəfər sağalıb. Hazırda müalicəsi davam edən 5 milyona yaxın xəstədən 59 min 944-nün vəziyyəti ağır qiymətləndirilir.
Fransada yeni koronavirusa yoluxanların sayı 173 min nəfəri ötüb, 30 min 120 nəfər isə həyatını itirib.
Facebook-da paylaş