Qafqaz Müsəlmanları İdarəsi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son günlər cəbhə xətdində baş verənlərlə bağlı bəyanat yayıb.
Şəffaflıq.az QMİ-yə istinadən bəyanatın mətnini təqdim edir:
"Uzun illərdir ki, Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən 20 faiz ərazimizi işğal altında saxlayan bədnam Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhəddində, Tovuz rayonu istiqamətində son günlərdə təxribatlar törədilməsi, atəşkəs rejiminin pozulması, ərazilərimizin təcavüzə məruz qalması Azərbaycan xalqını, o cümlədən, dini ictimaiyyətimizi dərindən narahat edir. Yer üzündə ən vacib ilahi dəyər olan Sülhün zaman-zaman mənfur qonşu dövlət tərəfindən məkr və fitnə ilə pozulması yeni savaşlara və yeni tələfatlara meydan açıb.
Böyük ürək ağrısı ilə qeyd edirik ki, düşmənin təxribatçı həmləsini dəf edərkən qəhrəman Azərbaycan övladları şəhid olub, igid hərbçilərimizin bir neçəsi yaralanıb, mülki əhali arasında insan tələfatı baş verib. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qazılar Şurası və bütün müsəlman din xadimlərimiz adından şəhidlərimizə Allah-təaladan rəhmət, yaralılarımıza şəfaət diləyir, şəhidlərimizin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına səbr və dəyanət arzulayır, düşmən qarşısında mətanətli olmaga çağırırıq.
Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhəddimiz qorunub və düşmən əsgərləri geri çəkilib. Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı. Biz işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini və beynəlxaq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırırıq.
Qafqaz Müsəlmanları İdarəsi bu narahat günlərdə Ali Baş Komandanımız, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha bəyan edir, qəhrəman Azərbaycan Ordusuna həmişə yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayır! Allah-təala Haqq işimizə yardımçı olsun".
Facebook-da paylaş